940 Log in

“Atəşgah” Sığorta Şirkətinin 25 il ərzində müştərilərinə ödədiyi sığorta ödənişləri haqqında – AÇIQLAMA

16.04.2021

Cari ilin dekabr ayında yerli sığorta bazarının ən güclü təmsilçilərindən biri olan “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin 25-ci ildönümünü qeyd edəcək. Artıq 25 ilə yaxındır ki, Şirkət fasiləsiz olaraq sığorta sahəsi üzrə öz fəaliyyətini uğurla davam etdirir.

Könüllü və icbari sığorta növləri üzrə müştərilərə xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti hər zaman innovativ və texnoloji yeniliklər tətbiq edərək müştəri məmnuniyyətini artırmaq və onların maraqlarını müdafiə edərək xidmət keyfiyyətini yüksəltməyə davam edir.

“Atəşgah” Sığorta Şirkətinin yarandığı tarixdən bü günədək ödənişlər üzrə verdiyi hesabata əsasən Şirkət tərəfindən müştərilərə 185 509 425 AZN sığorta ödənişi həyata keçirilmişdir. Bu göstəricilər arasında AVSMMİS növü üzrə 77 620 mln. AZN-dən, KASKO sığorta növü üzrə isə 29 807 mln. AZN-dən çox pul vəsaiti ödənilib.

Şirkətin əsas hədəfinin tənzimləmə prosesinin operativliyini, şəffaflığını və ədalətliliyini təmin etmək olmasını nəzərə alaraq, cari il ərzində müştərilərə ödənilən sığorta ödənişlərinin həcminin artması davam edəcək.

Hal-hazırda Şirkətin fokuslandığı əsas fəaliyyət istiqamətlərindən biri müasir texnologiyaların da tətbiq olunduğu və Şirkətin yeni hazırlayacağı ESG-strategiyasına əsasən yeni sığorta məhsulları hazırlayaraq bazara təqdim etməkdir.

Qeyd edək ki, ESG (Environmental Social Governance) strategiyası çərçivəsində tətbiq olunacaq müasir ESG sistemlər, ağıllı texnologiyalar və yenilikçi yanaşmalar iqtisadiyyatın fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir.

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.