940 Daxil ol

Mobil telefondan istifadənin riskləri sosial layihəsi

26.12.2019

Təcrübəli sürücülər nəqliyyat vasitəsilə hərəkət zamanı ən gözlənilməz hadisələrin baş verə biləcəyini bilirlər. Hətta onlar da bu hadisələrdən sığortalanmayıblar, çünki səbəbkar özləri olmaya da bilərlər. Amma yol-nəqliyyat hadisələrinin nəticələrindən öz sağlamlığını və avtomobilini sığortalamaq mümkündür.

 Avtomobillərin sığortası sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə stimullaşdırır və nəqliyyat vasitələrini daha diqqətli idarə etməsinə şərait yaradır. Bu da dolayı yolla insanların zamanına, əsəblərinə, əziyyətinə və xərclərinə qənaət etməsinə, həmçinin həyat və sağlamlıqlarının qorunmasına yardımçı olur.

 Günümüzdə yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də, sükan arxasında mobil telefon istifadə etməkdir. Mobil telefondan istifadə sürücünün diqqətini yoldan ayıraraq, baş verə biləcək vəziyyətlərə vaxtında reaksiya verməsinə mane olur. Aparılan araşdırmalar mobil cihazlardan sükan arxasında istifadənin real təhlükəsini ortaya qoyur. Belə ki, sükan arxasında telefonla danışmaq qəza riskini 4 dəfə, mesaj göndərmək isə 6 dəfə artırır. Son illər ərzində telefondan istifadə zamanı qəzaya düşən sürücülərin sayı 1%-dən 15%-dək artıb ki, bu da təhlükənin nə qədər böyük olduğunun göstəricisidir.

 Mobil telefon üzündən baş verən qəzaların sayının azaldılması və sürücülərin bu sahədə maarifləndirilməsi üçün “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB və İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən sosial layihənin təbliğatı həyata keçirilməyə başlayıb. İcbari Sığorta Bürosunun üzvləri aşağıdakılardır: “Atəşgah”, “AtaSığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “AZSIĞORTA” ASC, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Qala Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “Standard İnsurance” ASC, “AXA MBASK” ASC, “Xalq Sığorta” ASC, “Günay Sığorta” ASC sığorta şirkətləri. Bu layihə çərçivəsində çöl və rəqəmsal reklam daşıyıcılarında mobil telefondan istifadənin risklərini özündə əks etdirən vizual materiallar yerləşdiriləcək. Bu sosial layihə həmçinin sığorta şirkətlərinə öz xərclərini azaltmağa kömək edəcək.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi ”Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.