"Bu sığorta ilə ev almaq və ya xaricdə oxumaq mümkündür" - HƏYAT SIĞORTASI

10.04.2014

“İllik 40% qazancı başqa heç kim verə bilməz”

- Şəfəq xanım, son vaxtlar həyatın yığım sığortasından istifadə edənlərin sayı artır. İnsanlar bu sığortaya ən çox nəyə görə üz tuturlar - sığorta xidməti kimi baxırlar, yoxsa, pul yığmaq üçün?

- Həyatın yığım sığortasının əsas məqsədi pul yığmaqdır. İnsanlar bu sığorta vasitəsilə müxtəlif məqsədlərlə pul yığa bilərlər - ev ala bilərlər, maşın ala bilərlər, toy edə bilərlər, ipoteka krediti götürmək üçün ilkin ödəniş toplaya bilərlər. Bu xüsusiyyətinə görə, həyatın yığım sığortası bank əmanətinə oxşayır. Sadəcə bankdan fərqli olaraq burada pul yığmaqla yanaşı, insanların həyatı da sığortalanır. Yəni, məsələn əlillik və ya ölüm hadisəsi baş versə, müştərinin özü və ya ailəsi müəyyən pul vəsaiti ala biləcək.

- Həyatın yığım sığortasında gəlirlilik nəyin hesabına təmin olunur?

- Bilirik ki, həyatın yığım sığortasına ayrılan vəsait gəlir vergisindən və sosial sığorta ödəmələrindən azaddır. Yəni biz maaşımızdan sığortaya pul ayırdıqda həmin hissədən tutulan vergi və sosial ödəmələr də sığorta şirkətində bizim pulun üzərinə gəlir. Bundan başqa, həmin vəsaitin üzərinə şirkətimizin investisiya gəlirliyi də əlavə olunur. İnvestisiya gəlirliyi müxtəlif amillərdən asılıdır, amma ümumilikdə ildə 5-7% arasında dəyişir.

- Məsələn, vətəndaş hər ay həyat sığortası üçün 100 manat ödəniş etdikdə onun hesabına nə qədər pul daxil olur?

- Tutaq ki, hər ay sığortaya 100 manat ödəyirsiniz. Nəticədə 3 ildən sonra sizin hesabda 5700 manata yaxın vəsait toplanacaq. Yəni hər 100 manat 147 manata yaxın pula çevrilir. Əgər həyat sığortası müqaviləsi 5 illiyə bağlanıbsa, ayda 100 manat ödəməklə 10 min manata yaxın pul əldə etmək olar.

- Gəlirin həcmi müştərinin yaşından asılıdır?

- Bəli, müəyyən dərəcədə asılıdır. Məsələn mənim çəkdiyim misal, yəni ayda 100 manat ödəməklə 3 ildən sonra 5700 manat qazanmaq imkanı 30-35 yaşı olan şəxslərə aiddir. Əgər müştəri müqavilə bağlayanda onun daha az yaşı, məsələn 22 yaşı varsa, onda 3 il ərzində toplanan məbləğ təqribıən 5800 manat olacaq. Müştəri 45 yaşda olduqda isə hər ay 100 manat ödəməklə 5500 manat toplamaq mümkündür. İstənilən halda bu üsulla böyük pul toplamaq olar və bu xüsusiyyətinə görə, həyatın yığım sığortası bank əmanətlərindən qat-qat sərfəlidir.

“Bu sığorta ilə ev almaq və ya xaricdə oxumaq mümkündür”

- Həyatın yığım sığortası müqaviləsi hansı müddətə bağlanmalıdır?

- Ümumiyyətlə həyatın yığım sığortası üçün minimal müddət 3 il təşkil edir. Yəni müqaviləni də azı 3 illiyə bağlamaq lazımdır. Maksimum müddət nəzərdə tutulmayıb - hətta 40 illiyə də bağlamaq olar. Amma bir şərtlə ki, müqavilənin başa çatma vaxtı müştəri pensiya yaşına çatmasın. Bir də xüsusi qeyd edim ki, həyatın yığım sığortasından yalnız rəsmi surətdə ödənilən əmək haqqı vasitəsilə yararlanmaq olar.

- Maaşın hansı hissəsini həyat sığrtası üçün ayırmaq olar? Məsələn, müştəri istəsə, maaşı bütünlüklə həyat sığortasına keçirə bilər, yoxsa bununla bağlı bir limit var?

- Elə bir qadağa və ya limit qoyulmayıb, yəni müştəri istəsə maaşını bütünlüklə həyat sığortasına yönəldə bilər. Amma bu, tövsiyyə olunmur, çünki insanın öz dolanışığı üçün də müəyyən məbləğ qalmalıdır. Amma əgər müştəri bütün maaşını bura keçirmək imkanındadırsa, problem yoxdur.

- Həyatın yığım sığrtası vasitəsilə pulu hansı məqsədlə toplamaq mümkündür?

- Bundan müxtəlif məqsədlər üçün istifadə etmək olar. Məsələn, tutaq ki, mən ipoteka krediti ilə ev almaq istəyirəm. Bunun üçün ilkin ödəniş tələb olunur - təqribən 20-25 min manat. Buna görə də mən bir neçə il əvvəldən ilkin ödəniş toplamağa başlayıram. Hesablamalar göstərir ki, 3 ildən sonra 25 min manat aldə etmək üçün ayda təqribən 450 manat ödəmək lazımdır. Deməli, ayda bu qədər vəsait ödəmək şərti ilə ev almaq üçün ilkin ödəniş toplamaq olar.

- Məsələn təhsil haqqını da bu qayda ilə yığmaq olarmı?

- Əlbəttə, hamısında eyni qayda tətbiq olunur. Tutaq ki, bir neçə ildən sonra xaricdə və ya ölkə daxilində təhsil almağı planlaşdırırsınız. Və yaxud kimsə övladının təhsil alması üçün pul yığmaq istəyirsə, həmin qayda ilə vəsait toplaya bilər. Bundan başqa, gələcəkdə toy etmək istəyən müştərilər də eyni qayda ilə toy məclisi və ya digər xərclər üçün əvvəlcədən pul toplaya bilərlər.

Bu üsul bankdan qat-qat sərfəlidir. Məsələn, vəsaitimizi banka yatırsaq, illik 10-12% gəlir əldə edə bilərik. Burada isə azı 40%-ə yaxın gəlir əldə edə bilər. Bu səviyyədə gəlirlik heç bir sahədə yoxdur.

“Bu sığortadan ən çox bank işçiləri istifadə edir”

- Müştərilər həyat sığortası üzrə müqavilələri adətən neçə illik bağlayırlar?

- Əvvəla qeyd edim ki, bir qədər əvvəl həyat sığortası müqaviləsi üzrə minimum müddət 5 il idi. Sonradan bu müddət 3 ilə endirildi. Müştərilərimizin əksəriyyəti həyat sığortası üzrə müqaviləni 3 illiyə bağlayır, amma, 5 illiyə də qoşulanlar var. Amma demək olar ki müştərilərin hamısı sonradan müqavilənin müddətini uzadırlar, çünki  çox sərfəlidir. Hətta bəzi müştərilər 3 illik müqavilə başa çatandan sonra pulu götürür və dərhal yeni müqavilə bağlayırlar. Bir sözlə insanlar onun üstünlüklərini başa düşdükdən sonra daima yararlanmağa çalışırlar.

- Həyatın yığım sığortasından istifadə edənlər ən çox hansı sahədə çalışanlardır?

- Ən çox bank, telekommunikasiya və neft sahəsində çalışan şirkətlərin əməkdaşlarıdır.

- Bu məhsulun istifadəçiləri artırmı?

- Bəli hər il təqribən 40% artır.

- Azərbaycan vətəndaşları və şirkətlər bu məhsul barədə nə qədər məlumatlıdırlar?

- Məncə əksəriyyətin bu məhsuldan, onun üstünlüklərindən xəbəri yoxdur. Elələri də var ki, belə məhsulun olduğun bilir, amma detallarını bilmədikləri üçün hələlik istifadə etmirlər. Ona görə də, fikrimcə, bu məhsul barədə, onun maliyyə və hüquqi cəhətləri bardə daha geniş məlumat vermək lazımdır.

“İşəgötürənin razılığı gəlirliyi artırır”

- Həyat sığortası üzrə müqaviləni vətəndaş özü bağlaya bilər, yoxsa, burada onun çalışdığı şirkət də iştirak etməlidir?

- Hər iki variant mümkündür. Məsələn, hər hansı təşkilatda çalışan vətəndaş birbaşa bizə müraciət edir, həyat sığortası barədə müqavilə bağlayır. Həmin müqaviləni aparıb öz işlədiyi təşkilata təqdim edir və həmin təşkilat da hər ay müqavilədə yazılan məbləği işçinin maaşından çıxaraq həmin məbləği sığorta şirkətinə köçürür. Digər variant isə odur ki, müqavilə 3 tərəfli bağlanır - işçi, işəgötürən, yəni onun işlədiyi təşkilat və  sığorta şirkəti.

- Bu variantlar arasında nə fərq var? Bunların hər ikisində gəlir eynidir, yoxsa fərq olur?

- Bəli, müqavilənin necə bağlanmasından asılı olaraq həyat sığortasının gəlirliyi dəyişir. Əgər müqavilə işəgötürən vasitəsilə bağlanılırsa, həyat sığortasının gəlirliyi xeyli artır. Çünki bu zaman sığorta şirkətinə ödənilən məbləğin üzərinə həm qənaət edilmiş vergi, həm də qənaət edilmiş sosial sığorta haqları  - bu da 25% deməkdir - əlavə olunur. Amma əgər müqavilə birbaşa fiziki şəxsin özü ilə bağlansa, köçürülən məbləğin üzərinə yalnız qənaət edilmiş gəlir vergisi əlavə olunur. Məsələn, biz yuxarıdakı misalda göstərdik ki, əgər işçi hər ay sığorta şirkətinə maaşından 100 manat ödəyirsə, 3 ilin sonunda təqribən 5700 manat əldə edəcək. Bu misal o hala aiddir ki, müqavilədə işəgötürən tərəf də iştirak etsin. İşçi bu müqaviləni özü bağlamış olsaydı, eyni şərtlərlə - yəni 3 il ərzində ayda 100 manat ödəməklə - onun hesabında 4500 manat toplanacaq. 

- Tutaq ki, işçi həyat sığortasından istifadə etmək və sığorta şirkəti ilə müqavilə bağlamaq istəyir, amma işəgötürən, yəni onun çalışdığı təşkilat buna razı olmur, belə hal mümkündür?

- Prinsipcə mümkündür. Əgər belə olsa, yuxarıda dediyim kimi, işçinin qazancı yalnız gəlir vergisinin hesabına olacaq. Sığorta müqaviləsi işəgötürənin iştirakı ilə bağlandıqda isə gəlirlik daha yüksək olacaq.

“Şirkətlər bu sığorta ilə işçini özünə bağlayır “

- İşçisinin həyat sığortası müqaviləsi bağlaması şirkətə zərər deyil ki? Yəni buna razılaşan şirkət heç nə itirmir ki?

- Xeyr, çünki o, bu müqavilə ilə sığorta şirkətinə ödəyəcəyi məbləği, onsuz da hər ay dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödəyirdi. Yəni onun üçün əlavə xərc yaranmır. Əksinə, şirkətlər həyat sığortasından özləri də yararlana bilərlər və bunu edirlər.

- Necə yararlanırlar?

- Məsələn, işəgötürən şirkət, bu sığorta vasitəsilə işçini daha da həvəsləndirirlər, işçini özünə bağlayırlar.

- Həyat sığortası üçün işçilər müraciət edirlər, yoxsa şirkətlər?

- Bəzən işçilər müraciət edir, bəzən isə şirkətlər müraciət edir ki, biz öz işçilərimiz üçün belə bir sığorta etmək istəyirik. Bəzən isə işçilər gəlirlər ki, sizdə belə bir məhsulun olduğunu eşitmişik, çox maraqlıdır, bilsəydik, çoxdan qoşulardıq və s. Biz də onlara şərtləri izah edirik və onlar gedib öz işlədikləri təşkilatın rəhbərlərinə izah edirlər və biz həmin təşkilatın rəhbərliyii ilə danışıb müqavilə bağlayırıq. Təqribən deyə bilərəm ki, sığorta müqavilələrinin yarısı işçilərin, digər yarısı isə işəgötürənlərin təşəbbüsü ilə bağlanır.

- Dediniz ki, qaydalara əsasən həyat sığortası müqaviləsi bağlananda işəgötürən şirkət sosial sığorta haqlarını sığorta şirkətinə ödəməyib özündə saxlaya bilər. İndiyədək bağlanmış müqavilələrdə belə hallar varmı? Yəni işə götürənlər qənaət olunmuş bütün məbləği işçiyə bağışlayırlar, yoxsa bir hissəsini özlərinə götürməyə çalışırlar?

- Adətən işəgötürənlər bu pulu işçilərə güzəştə getməyə üstülük verirlər. Yəni onlar bu vəsaiti özlərinə götürməkdənsə, işçinin sığorta şirkətindəki hesabına ödəməyə üstünlük verirlər.

- Müqavilə  qüvvədə olduğu müddətdə işçi öz iş yerini dəyişə bilərmi?

- Əlbəttə, amma bəzi hallarda bu addım müqavilənin gəlirliyinə təsir edəcək. Məsələn, 3 illik müqavilə bağlanıb, iki il ərzində sığorta şirkətinə aylıq ödənişlər edilib. Amma müqavilənn başa çatmasına 1 il qalmış, işçi iş yerin dəyişmək istəyir. Burada iki variant var.

Birincisi, işçi  indiyədək ödədiyi pulları geri ala bilər, amma bu zaman onun pullarının üzərinə heç nə əlavə edilməyəcək. Sadə desək, işçi hər ay 100 manat ödəyirdisə, yalnız 2 il ödədiyi pulları  - yəni 2400 manatı geri alacaq. İndiyədək vergi və sosial sığorta haqlarına qənaət edilmiş və onun hesabına köçürülən hissə isə təyinatı üzrə yönəldiləcək - yəni dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə fonduna.

İkinci variantda isə işçi bu müqaviləni dondura bilər. Yəni, iki il müddətində ödənişləri edib, amma müqavilənin sonuna bir il qalmış ödənişləri dayandırır və müqaviləni dondurur. Belə olan halda, ödədiyi pulları üzərinə gələn faizlərlə birlikdə yalnız 3 ilin tamamında ala biləcək. Bu isə təqribən 3600 manat deməkdir.

Daha sadə desək, işçi pulu dərhal götürmək istəsə, gəlir əldə etməyəcək və yalnız ödədiyi pulları alacaq. Gəlirlərlə birlikdə götürmək istədikdə isə 3 ilin başa çatmasını gözləməlidir.

- Bunun üçün işçinin çalışdığı şirkətin icazəsi tələb olunur?

- Bəli, əgər müqavilə onunla bağlanıbsa, müqavilənin dondurulması üçün də onun razılığı olmalıdır.

- Şirkət razı olmasa necə?

- Onda müqaviləyə xitam verilir və işçinin indiyədək ödədiyi vəsait ona qayıdır, qənaət edilmiş məbləğlər isə təyinatı üzrə  - yəni vergi kimi büdcəsinə və sosial ödəmə kimi DSMF-ə ödənilir. Yəni, qənaət olunmuş pul nə işə götürənə, nə də şirkətə çatmır.

- Adətən necə baş verir - şirkətlər işdən çıxan işçiyə mane olmağa çalışırlarmı?

- Adətən olmurlar, amma bu, yenə də işçinin işdən necə ayrılmasından asılıdır. Yəni münasibət pozulsa, şirkət öz hüququndan istifadə edib müqavilənin dondurulmasına imkan vermir. Nəticədə müqavilə ləğv olunur  və işçi gəlirdən məhrum olur. Münasibət yaxşı olduqda isə müqavilənin dondurulmasına icazə verər ki, işçi bu güzəştlərdən faydalansın.

“Mən özüm də həyat sığortasının müştərisiyəm”

- Qaydaya görə, maaşdan aylıq sığorta ödənişi ilə bağlı hansısa minimal məbləğ nəzərdə tutulubmu? Yoxsa, bu, istənilən məbləğ  ola bilər?

- Xeyr, konkret minimum məbləğ nəzərdə tutulmayıb və işçi hər ay sığorta şirkətinə maaşının istənilən hissəsini ödəyə bilər. Amma tövsiyə edərdim ki, normal gəlir əldə etmək üçün aylıq sığorta məbləği 100 manatdan aşağı olmasın.

- Sizin müştərilər üzrə orta aylıq ödənilən məbləğ nə qədərdir?

- Orta hesabla 500 manat.

- Müştərilər bu sığortadan ən çox hansı məqsəd üçün istifadə edirlər?

- Ən çox ev almaq üçün istifadə olunur. Bundan başqa, topladığı pullarla biznes qurmaq istəyənlər də var. 

- Şəfəq xanım, siz özünüz həyatın yaşam sığortasından istifadə edirsiniz?

- Əlbəttə.

- Artıq toplanan məbləği almısınız, yoxsa hələ alacaqsınız?

- Hələlik almamışam.

- Bu məbləği necə istifadə edəcəksiniz?

- Hələlik dəqiq bilmirəm, amma ola bilər ev almaq üçün istifadə etdim.