3 ayda 215 mindən çox avtomobil sığortalanıb

04.04.2017

İcbari Sığorta Bürosu(İSB) bu ilin birinci rübü üzrə icbari qaydada sığortalanan avtomobillərin sayını açıqlayıb. Bürodan fins.az-a verilən məlumata görə, avtomobillərin icbari sığortası üzrə 215 572 elektron icbari sığorta müqaviləsi bağlanılıb. Bunların 29 808-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtomobillərdir. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 16 849 376 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayı 10,2%, sığorta haqlarının məbləği isə 16,6% azalıb.  Qeyd edək ki, ötən ilin noyabr ayının 1-dən etibarən avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Hazırda avtomobillərin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.