“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 3,8 mln. AZN sığorta ödənişi həyata keçirib

24.05.2017

“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.

Belə ki, “Atəşgah Həyat” SŞ - də sığortalanmış neft şirkətlərindən birinin əməkdaşı bədbəxt hadisə səbəbindən platformada (dənizdə) yükləmə əməliyyatı zamanı kranın dənizə aşması nəticəsində vəfat etmişdir. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 92 min AZN təşkil etmişdir. Məbləğ faydalanan şəxslərə - mərhumun həyat yoldaşı və azyaşlı övladına verilmişdir.

 

Bundan əlavə, tikinti şirkətlərindən birinin sürücüsü  Tbilisi-Sınıq Körpü avtomagistral yolunun 49-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bu hadisə ilə bağlı faydalanan şəxslərə - mərhumun ailəsinə 39 min AZN məbləğində sığorta ödənişi təqdim edilmişdir.

Hazırda “Atəşgah Həyat” SŞ-nin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həyata keçirdiyi ödənişlərin ümumi həcmi 3,8 mln. təşkil edir.

 

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.