“Atəşgah” Sığorta Şirkəti Gəncə filialının direktor müavini Orxan Qurbanov “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda Respublika elmi-praktiki konfransında iştirak edib.
O, konfransda çıxış edərək dünyada kənd təsərrüfatı sahəsində ənənəvi sığorta növündən əlavə, qeyri-ənənəvi - indeksli sığortanın getdikcə daha çox əhəmiyyət qazandığını bildirib.
Qurbanovun sözlərinə görə, indeksli sığorta modeli, əkin sahələrinə dəyən ziyan üzrə sığorta ödənişinin bəzi indekslərin razılaşdırılmış həddi-müəyyən bir parametr göstəricisini aşdığı təqdirdə həyata keçirilir.
“Belə bir parametr göstəricisi müəyyən bir dövr üçün yağıntının miqdarı və ya temperatur həddi ola bilər. Ənənəvi kənd təsərrüfatı sığorta modelindən fərqli olaraq indeksli sığorta üzrə administrativ xərclər nisbətən az olur. Bu cür modelin Azərbaycandada tətbiqi məqsədə uyğun olardı. Artıq inkişaf etməkdə olan bir çox ölkələr fərdi və 20-yə yaxın institusional səviyyədə indeks sığortası proqramlarını təqdim etmişlər və bu təcrübədən kifayət qədər yeni biliklər eldə etmək olar” - deyə o, qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması məqsədilə təşkil olunmuş konfransda aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası və digər mövzuların əhatə olunduğu məruzələr dinlənilib.