Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, “Atəşgah” SŞ-nin Direktorlar Şurasının Sədri R. Əliyev mükafatlandırılıb!

12.04.2023

Rusiya Federasiyasının Xarici İşlər Naziri S.V.Lavrovun 27 mart 2023-cü il tarixindən 5021 nömrəli əmrinə əsasən, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Allahverdi oğlu Əliyev Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ticari-iqtisadi əlaqələrin ikitərəfli möhkəmlənməsinə mühüm töhfələr qatdığı üçün “Qarşılıqlı fəaliyyətə görə” yaxa nişanı ilə təltif edilib.

Ruslan Əliyev 1996-cı ildə  MQİMO-nun Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1999-cu ildə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə etmişdir.1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.

2011-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri vəzifəsinə, 2021-ci ildə həmin ali təhsil ocağının Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin edilib. O, bu institutda kafedra müdiri vəzifəsini tutan ilk azərbaycanlı olub. Həmçinin, MDBMİ-nin “Xidmətə görə” ordeni ilə təltif edilib.

2017-ci ildə isə R.Əliyev Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi təyin olunub. Xatırladaq ki, Ruslan Əliyev “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri, Azərbaycan Respublikasının İqtisadi Elmlər namizədidir.