Özəl şirkət işçilərinə mənzil hədiyyə edəcək – AZƏRBAYCANDA İLK DƏFƏ

04.04.2016

«Atəşgah» sığorta şirkəti yeni kampaniyaya başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” müsabiqəsini keçirir.

Müsabiqənin əsas mükafatı Bakıda yeni tikilidə təmirli mənzil, avtomobil və pul mükafatıdır. Belə ki, hər bir sığorta məsləhətçi il ərzində topladığı sığorta haqlarından asılı olaraq bu hədiyyələrə sahib olmaq imkanı əldə edəcək. İlin sonunda ən çox sığorta haqqı toplayan sığorta məsləhətçiləri qalib olacaq. Hazırda seçim mexanizmləri və hədiyyələr dəqiqləşdirilir. Məsələn, qalibin hansısa sığorta növü üzrə və ya ümumi portfel üzrə seçiləcəyi hələlik məlum deyil. O cümlədən, hədiyyə evin yeri, avtomobilin markası və pul mükafatının məbləği müəyyənləşdirilir.

Qeyd edək ki, müsabiqədə şirkətin mövcud sığorta məsləhətçiləri ilə yanaşı, bu şəbəkəyə yeni qoşulan üzvlər, yəni “Karyera 2016”nın üzvləri də iştirak etmək hüququna malikdir.

Xatırladaq ki, əvvəlki illərdə “Atəşgah” sığorta şirkətinin ən yaxşı sığorta məsləhətçilərinə “Hyundai Accent və “Chevrolet Cruze” avtomobilləri hədiyyə edib.