Almaniyanın Baden Baden şəhərində sığortaçıların ənənəvi illik toplantısı keçirilir. Fins.az-ın məlumatına görə, toplantıya Azərbaycan nümayəndə heyəti də qatılıb. Tədbir çərçivəsində Azərbaycanın sığorta şirkətlərinin və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur. Görüşlərdə yeni tərəfdaşıarın tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.
Ötən gün isə toplantı çərçivəsində Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə artıq sayca 3-cü olan “Azərbaycan gecəsi”nin keçirilib. Gecənin sponsorları qismində Azərbaycanın “PAŞA Sığorta”, “Atasığorta”, “Azsığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “AXA MBASK”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Qala Həyat Sığorta”, “İpək Yolu Sığorta”, eləcə də “AzRe Təkrarsığorta” şirkətləri çıxış edib.
Tədbirdə adı çəkilən şirkətlərin rəhbər şəxsləri, eləcə də DSNX və ASA-nın, İcbari Sığorta Bürosunun rəhbərliyi iştirak edib. “Azərbaycan gecəsi”ndə yerli sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verilib, Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.
Xatırladaq ki, Baden Badenin hər il oktyabrın sonunda, bir həftəliyə Avropanın sığorta paytaxtına çevrilməsinin tarixçəsi 2-ci dünya müharibəsindən sonrakı illərə gedib çıxır. Həmin vaxt Avropa və alman dənizçi şirkətləri problemlərini və planlarını müzakirə etmək üçün hər il bura toplaşırdılar. Gəmiçilərlə birlikdə onların ayrılmaz partnyorları - sığorta şirkətləri də bura gəlirdilər. 1978-ci ildə dənizçilərin konfransı başqa yerə köçürüldü. Amma sığortaçılar, təkrar sığortaçılar və brokerlər hələ də Almaniyanın cənub şəhərində görüşməyə davam edirlər. Nəticədə o vaxtdan indiyədək hər il oktyabrın sonuncu bütöv həftəsi Almaniyanın Baden Baden şəhərində sığortaçıların qeyri-rəsmi toplantısına həsr olunur, Avropanın ən böyük sığorta və təkrar sığorta şirkətləri, eləcə də sığorta biznesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlər foruma qatılırlar.
Ən maraqlısı da odur ki, bu toplantı ilə bağlı hər hansı mərkəzi tədbir-filan, məsələn, rəsmi açılış və ya bağlanış mərasimləri olmur. Sadəcə dünyanın hər yerindən sığorta şirkətləri əvvəlcədən bir-birlər ilə əlaqə saxlayıb şəhərin hansı otelində və ya konfrans zalında görüşəcəklərini razılaşdırırlar. Burada onlar sığorta bazarındakı əsas trendləri (prosesləri), aktual riskləri, yeni sığorta məhsullarını müzakirə edir, bir-birlərinə təkrar sığorta risklərini ötürürlər.