Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib. Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 70 mln. AZN təşkil edib.
“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 28,6 mln. AZN təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi isə 14,7 mln. AZN təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur.
“Atəşgah” SŞ - nin 2018-ci ilin ilk doqquz ayı ərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 66,5% artaraq 3,7 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 11% artaraq 8,9 mln. AZN təşkil etmişdir.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 66% artaraq 41,4 mln. AZN təşkil etmişdir.