DİQQƏT! DİQQƏT!

02.11.2016

Hörmətli müştərilər,

Məlumat üçün bildirmək istərdik ki, 2011-ci ildə qüvvəyə minən “İcbari sığorta”lar haqqında Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında yeni dəyişikliklər baş verib. 
Yeni qaydalara əsasən vətandaşlara daha etibarlı, keyfiyyətli və asan şəkildə xidmət göstərmək, həmçinin saxtalaşdırmaların və bununla əlaqədar problemlərin aradan qaldırılması məqsədilə artıq bütün icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 50-3 nömrəli bəndinə əsasən elektron sənəd formasında bağlanacaq.
Bununla əlaqədar müqavilələrin bağlanması üzrə prosedurlarda 01/11/2016-cı il tarixindən etibarən aşağıdakı dəyişikliklər baş verib:
1. Kağız formasında olan sığorta şəhadətnamələri istifadə olunmayacaq;
2. Nəqliyyat vasitəsinin sığorta təminatının qüvvəyə minməsi barədə məlumat yalnız sığortalının mobil telefonuna gələn sms vasitəsi ilə təsdiqlənəcək;
3. Hesablanmış sığorta haqları vaxtında ödənilməzsə - avtomatik olaraq sistem tərəfindən elektron müqavilə ləğv edilir və sığorta təminatı qüvvədən düşür. Avtomatik şəkildə ləğv olunmuş elektron müqavilənin bərpası üçün avtonəqliyyat vasitəsi sahibi sığorta şirkətinə yenidən müraciət etməli olacaq.
4. Hüquqi şəxslərlə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair razılaşma bağlanacaq və sığorta təminatı, sığorta haqqının nağd və ya nağdsız şəkildə tam həcmdə ödənilməsindən sonra qüvvəyə minəcək.

Qeyd etmək istərdik ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında baş verən dəyişikliklərlə əlaqədər hər hansı suallarınız yaranarsa, Siz Atəşgah Sığorta ASC-nin 940 qaynar xətt telefon nömrəsi ilə məlumat mərkəzinə müraciət edə bilərsiniz.
Hamınıza qəzasız həyat arzulayırıq!