Səyahətini sığortalayanlar 5 dəfə artıb - MÜSAHİBƏ

07.05.2014

Son illər Azərbaycanda xarici ölkələrə turizm və digər məqsədlərlə səyahət edənlərin sayı artdıqca, səyahət sığortası ilə bağlı sığorta şirkətlərinin təklifləri də artır. Lakin müşahidələr göstərir ki, xarici ölkələrə səyahət edənlər səyahət sığortasını yalnız məcbur oluqda, yəni səfər üçün tələb edildikdə alırlar. Səyahət sığortası, onun faydaları və bu sığorta növündən istifadə halları ilə bağlı fins.az-ın suallarına “Atəşgah Sığorta” şirkətinin partnyorluq satışları şöbəsinin rəisi Fərid Hacı cavab verir.

Sığortalananlar 4-5 dəfə artıb

- Fərid müəllim, səyahətə çıxanlar səyahət sığrtasına maraq göstərirlərmi? Yoxsa bu sadəcə məcburi addımdır?
- Əgər siz 4-5 il əvvəlki vəziyyətə baxsaydıniz, tamamilə başqa bir mənzərə görərdiniz. O vaxtlar səyahətə çıxanların 99%-i məhz xarici ölkələrin səfirliyindən vizanı almaq üçün tələb olunduğuna görə sığortalanırdılar. Yəni, məcbur olduqda sığortalanırdılar. İndi isə, xarici ölkələrə gedən turistlərin böyük əksəriyyəti səyahət sığortasını könüllü olaraq alır. Bu ciddi dəyişikliyin göstəricisidir. Artıq bizdə də sığorta mədəniyyəti inkişaf edir və maariflənmənin nəticəsi olaraq səyahət sığortası alanların say nisbəti hər il artır. Qısaca desək, 4-5 il əvvəlki vəziyyətlə müqayisədə 4-5 dəfə artım var.

- Səyahət sığortasına hansı xidmətlər daxildir, burada hansısa fərqlər var, yoxsa bütün səyahət sığortaları standart paketdir?
- Səyahət sığortasının tam adı  - “Azərbaycan Respublikası vətəndaşlarının xarici səfər zamanı qəfil xəstəliklər və bədbəxt hadisələrdən tibbi sığortası”dır. Əslində, bu standart deyil, paketlər bir-birindən fərqlənir. Bəzi paketlərdə sığortalanan risklərin sayı standart paketdəkindən artıqdır. Onlara təkcə tibbi sığorta yox, hətta əlavə lazım ola biləcək xidmətlər, risk ehtimalı olan vəziyyətlər daxildir- məsələn, baqajın itirilməsi, səyahətin ləğv olunması, təyyarənin gecikməsi və s.

Sığorta paketinin qiyməti isə daha çox sığortalanacaq məbləğdən, səyahət etdiyi regiondan və səyahət müddətindən asılıdır. Düzdür, burada qiymətə təsir edə biləcək əlavə faktorlar da var- məsələn, sığortalananın yaşı, səfərin məqsədi və sağlamlıq vəziyyəti. Təbii ki, yaşı 30 olanla 70 olanın, tarixi abidələrə baxmaq üçün gedənlə ekstremal idman növləri ilə məşğul olmağa gedənin, sağlam adamla ağır xəstə olan adamın sığortalanma qiyməti eyni ola bilməz. İkincilərdə risk faktoru daha yüksək olduğuna görə, sığorta şirkəti qiymətləri buna görə tənzimləyir.

“Bəzi insanlar bundan sui-istifadə edə bilərlər”

- Səyahət sığortasının standart paketinə hansı risklər daxildir?
- Xroniki xəstəliklər istisna olmaqla qəfil yaranacaq istənilən xəstəlik, istənilən qəza hadisəsi nəticəsində yaralanma əsas sığortalanan risklər standart paketə daxildir.

- Bəs müştərinin pulunu, qiymətli əşyalarını, sənədlərini itirməsi sığortalanırmı?
- Təəssüf ki, biz bu halları paketə daxil edib sığortalaya bilmirik. Əslində çox istərdik ki, bizim təqdim etdiyimiz rikslərə məhdudiyyət olmasın, yəni, belə hadisələr də sığorta paketinə daxil olsun. Amma bir çox ölkələrdə, eləcə də Azərbaycanda bəzi risklərin dərəcəsini müəyyənləşdirmək çox çətindir. Buna görə də, biz müəyyən riskləri əlavə etdiyimiz zaman bəzi insanlar bundan sui-istifadə edəcəklər və artıq biz keyfiyyətli xidmət göstərə bilməyəcəyik. Məhz buna görə, hələlik gözləyirik ki, nə vaxtsa belə bir imkan yaranar ki, bu risklərin nə dərəcədə həqiqi olma dərəcəsini müəyyənləşdirmək mümkün olsun, onda biz həmin riskləri paketə daxil edə bilərik.

Amma qeyd edim ki, biz artıq 2-ci həftədir ki, səyahət sığortasına “Premium” paket daxil etmişik- buraya sənədlərin itirilməsinə, təyyarənin gecikməsinə görə kompensasiya, bədbəxt hadisə zamanı nəinki tibbi xərclərin ödənilməsi, hətta əlillik dərəcəsi yarandıqda və ya ölüm baş verdikdə sığortalanma məbləğinin 20 faizindən çox olmayan həcmində- təxminən 6-8 min manat arasında birdəfəlik kompensasiyanın verilməsi daxildir.

- Hansı risklər var ki, səyahət sığortası paketinə daxil deyil, yəni hansısa səbəbdən onları sığoratalaya bilmirsiniz?
- Bizdə risklərdən əlavə, həm də istisnalar var. Məsələn, narkotik, toksik, alkoqol zəhərlənmələri, xroniki xəstəliklər istisna təşkil edir. Risklərə gəldikdə, bunlar daha çox təhlükəli fəaliyyətlərlə bağlıdır. Tutaq ki, bəzi turistlər deltaplanlarlardan, motorsuz təyyarələrdən istifadə etmək, yekənli qayıqlarda dənizə çıxmaq, paraşütlə tullanmaq kimi riskli işlərlə məşğul olurlar ki, təbii olaraq bu riskləri sığorta şirkəti öz üzərinə götürməkdən çəkinir.

Ən çox günvurma, sınıqlar, xizəkdən yıxılmalar olur

- Səyahət sığortası üzrə ən çox rast gəlinən hadisələr hansılardır, ölkələrdən asılı olaraq sığorta hadisələrinin fərqlənməsi necədir?
- Bu daha çox səfər edilən regionlardan asılıdır. Bizim turistlər Türkiyəyə və digər cənub ölkələrinə daha çox üz tuturlar. Bizim təcrübədə ən çox rast gəlinən hadisələr də günvurma, sürüşmə nəticəsində qol və ayaq sınması, zəhərlənmədir. Şimal ölkələrində xizəkdən yıxılıb travma alınması, beyinə qan sızma hadisələrinə rast gəlinir. İqlim və mətbəxin dəyişməsi belə hallara səbəb olur.

- Bəs Azərbaycan daxilində səyahət edənlər sığortalanırmı və hansı hadisələrə rast gəlirsiniz?
- Təəssüflər olsun ki, bizdə daxili turistlər səyahət sığortası etdirmirlər, çünki sadəcə əyləşirlər avtomobillərinə və gedirlər istirahət mərkəzlərinə. Yerli bazarda bu məhsula tələb olmadığına görə, biz də daxili səyahət sığortası təqdim edə bilmirik. Amma mən əminəm ki, yeni açılmış böyük kürort, idman və istirahət mərkəzlərinə gedənlərin bu sığortaya tələbi yaranacaq və biz də bu xidməti təklif edəcəyik. Məsələn, Şahdağ Qış Turizm Kompleksində xizək sürmə zamanı zədələnmə hallarına rast gəlinir və sair bu kimi hadisələr baş verir. Yəqin ki, getdikdə daxili turistlər də sığortalanmağa üstünlük verəcəklər.

Qiymətlər ciddi fərqlənmir

- Bəs ölkələrə görə səyahət sığortası paketinin qiymətləri nə qədər fərqlənir? Tutaq ki, Rusiya, Almaniya, Belarusiya kimi sabit, təhlükəsiz ölkələrə gedənlərlə, Əfqanistan, Suriya, İraq kimi qeyri-sabit, təhlükəli ölkələrə gedənlərin sığorta paketlərinin qiymətlərində fərq nə dərəcədədir?
- Səyahət paketlərinin qiymətində bu fərq çox cüzidir. Burada ölkələrə, regionlara görə sığorta haqlarının dəyişməsi normaldır. Biz sadəcə, dünya ölkələrini 2 qrupa bölmüşük- bir qrupa MDB və Avropa ölkələri, İran, Türkiyə kimi bizə yaxın ölkələr ölkələr, digər qrupa isə uzaq xarici ölkələr daxildir. Bunların arasında sığortalanma qiyməti 20-30% fərqlənir. Misal üçün, 30 minlik sığortalanma paketi üçün Avropaya 10-12 günlük səfərin sığorta haqqı təxminən 10 manat, uzaq xarici ölkələr səfərin sığortalanma haqqı isə 12-13 manat olacaq.

Hadisə baş verəndə müştəri kimə zəng etməlidir?

- Xarici səfərdə olarkən sığorta hadisəsi baş verərsə, sığortalanan hansı vasitələrlə sığorta şirkətini xəbərdar etməlidir və ona yardım necə göstərilir?
- Bizim xidmətlər xarici ölkələrdə öz şirkətimiz tərəfindən yox, bizimlə əməkdaşlıq edən assistent şirkətlər tərəfindən göstərilir. Çünki, sığorta şirkəti dünyanın bütün ölkələrində nümayəndə saxlaya bilməz. Ona görə də, biz müştərilərə getdikləri ölkədə bizimlə əməkdaşlıq edən asistent şirkətlərin koordinatlarını veririk. Hər hansı bir hadisə baş verdikdə müştəri onlarla əlavə saxlayır, bu halda da ona hər cür xidmət və yardım göstərilir. Əgər hər hansı səbəbdən əlaqə yaratmaq mümkün olmayıbsa, müştəri problemi öz imkanları ilə həll edir, sonra xərclədiyi vəsait haqda qəbzləri təqdim edib, pulunu geri alır.

- Müştərilərin səyahət sığortası ilə bağlı ən çox şikayətləri, təklifləri, tələbləri nədən ibarət olur?
-Müştərilər bəzən hansısa əlavə riskin əlavə olunmasını istəyirlər, lakin ən çox tələb olunan məsələ odur ki, sığorta hadisəsi baş verdikdə və müştəri zəng etdikdə dərhal ona yardım göstərilsin. Biz də çalışırıq ki, ölkəsindən, günündən, saatından asılı olmayaraq sığortalanana dərhal yardım göstərilsin. Buna görə də biz ucuz xidmətlər təklif edən asistent şirkətlərlə yox, daha böyük imlanlara malik iri şirkətlərlə əməkdaşlıq edirik ki, bizim müştərilər istənilən yerdə və vəziyyətdə yardım ala bilsinlər. Hələ ki, biz hansısa müştərimizdən partnyorlarımız haqda şikayət eşitməmişik.