940 Daxil ol

“Atəşgah” Sığorta Şirkətinin heyəti yeni strategiya planının müzakirəsinə toplandı

29.09.2021

25 illik fəaliyyət dönəminə sahib olan “Atəşgah” Sığorta Şirkəti rəhbərliyi və bir sıra əməkdaşları ötən günlərdə şəhərin mərkəzində yerləşən “Hilton” oteldə son 3 ilin nəticələrinin təhlili əsasında növbəti 3 il üçün strateji planının hesabatına toplaşmışlar.

Tədbir zamanı son 3 il ərzində “Atəşgah” SŞ-nin qarşısına qoyduğu hədəflər üzrə görülən işlər təhlil edilmiş, növbəti 3 illik dövr (2022-2024) üçün  planlar müzakirə olunmuşdur.

 Atəşgah Sığorta Şirkətinin növbəti 3 illik strategiyasının hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülmüşdür.

Pandemiya və onun iqtisadiyyata təsirləri öz növbəsində qarşıya qoyulan hədəflərə çatmağı çətinləşdirsə də, “Atəşgah” SŞ 2019-2021-ci illər üzrə hədəflərinə çatmağa ümumilikdə nail olmuş və uğurlu nəticələr əldə etmişdir.

Missiya və vizyonuna daim sadiq qalan “Atəşgah” SŞ əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir. Ötən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Zəfər qələbəsi Şirkəti yeni hədəflərə çatmaqda ruhlandırmış və  növbəti illər üçün tərtib etdiyimiz strategiyada bununla bağlı bir sıra addımlar öz əksini tapmışdır.

Belə ki, tədbir zamanı ötən il ölkəmizin zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsinin açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda edilməli olan bir sıra tədbirlər də “Atəşgah” SŞ-nin 2022-2024-cü illər strategiyasına başlıca hədəf kimi nəzərdə tutulmuşdur.

Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi , problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi swot analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa  yardımçı olmuşdur.

Habelə, qürurla qeyd etməliyik ki, sosial məsuliyyət yönümlü mühim addımlara imza atmış “Atəşgah” SŞ Azərbaycan maliyyə sektoru və biznes mühitində ilk dəfə olaraq ESG (ətraf mühit, sosial və idarəetmə) layihəsinin tətbiqinə başlamışdır. Qloballaşan dünyada bugün artıq ESG önəmli yer alır. Başqa sözlə desək, cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcudur. Bir şirkətin hədəfi yalnız dövriyyəsini artırmaq, daha çox qazanmaq və böyümək olmamalıdır deyə iddia edən “Atəşgah” SŞ hədəflərini daha da genişləndirməyin məqsədəuyğun olduğunu düşünür. “Atəşgah” SŞ də öz növbəsində sözügedən məqamlara diqqətli yanaşaraq, gələcək strategiyasında da buna mühim yer ayırır. Belə ki,  “Atəşgah” SŞ-nin növbəti 3 illik strategiyasında ESG yönümlü tədbir və layihələrə geniş önəm veriləcəkdir.

 “Atəşgah” SŞ qeyd edir ki, artıq dünyada ətraf mühit, sosial və idarəetmə təməlli mövzulara fokuslanmağın müəyyən bir vədədə iş performansını artırdığı da təsdiqlənmiş faktlardandır.

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.