940 Daxil ol

“Atəşgah”-dan Cümhuriyyətimizin 100 yaşına həsr olunmuş qürurverici layihə

25.05.2018

“Atəşgah” Sığorta Qrupu tariximizin ən əlamətdar hadisələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə hazırladığı video çarxı təqdim edib. 

 Təqdimatda çıxış edən “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Fuad İsmayılov bildirib ki, 100 il öncə, mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika- Azərbaycan Xalq Cümhuriyyəti quruldu: “Atəşgah Sığorta Şirkəti olaraq 22 illik fəaliyyət dövrümüzdə əsas missiyalarımızdan biri tariximizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması olmuşdur. Cümhuriyyətimizin 100 yaşını qeyd etdiyimiz ərəfədə vətənpərvərlik duyğusunu aşılayan belə bir video çarxı təqdim etmək “Atəşgah” Sığorta Şirkəti olaraq bizim üçün qürurverici hadisədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının yaddaşında böyük və əlamətdar hadisə kimi əbədi qalacaq. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Şirkətimizin rəhbərliyi adından hər birinizi 100 yaşımız münasibətilə təbrik edirəm!”.

 Qeyd edək ki, video çarx “Atəşgah” Sığorta Qrupunun təşəbbüsü ilə hazırlanmışdır. Hərbi hissədə həyata keçirilən çəkilişlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi öz dəstəyini göstərmişdir.