Diqqətinizə çatdırırıq ki, "Rəhbərlə müsahibə" layihəsinin növbəti mərhələsini həyata keçiririk. Bu, sadəcə formal bir dialoq deyil, komandamız üçün vacib olan mövzuları açıq şəkildə müzakirə etmək, səhmdarın mövqeyindən xəbərdar olmaq, şirkətin inkişaf strategiyasını daha dərindən anlamaq, eyni zamanda rəhbərimizi daha yaxından tanımaq imkanıdır. Budəfəki söhbətin təşəbbüskarları əməkdaşların özləri olub.
"Atəşgah" Sığorta Qrupunun Prezidenti Ruslan Əliyevin 2026-cı ilin fevral ayında verdiyi müsahibədə, rəhbərin şəxsi həyatı və peşəkar fəaliyyəti ilə bağlı bir çox vacib məqamlara toxunulmuşdur.
Sözügedən müsahibənin davamı olaraq, əməkdaşlara iş prosesi, uzunmüddətli planlar və korporativ mədəniyyət kimi mühüm mövzuları birbaşa Ruslan müəllimə ünvanlamaq imkanı verilmişdir.
Xatırlatmaq istərdik ki, ən maraqlı 10 sualın müəlliflərinin Ruslan müəllimlə səhər yeməyinə dəvət olunması nəzərdə tutulub. Ruslan Əliyev böyük maraqla daxil olan 360 sualla tanış olmuş və hazırda onları cavablandırmaqdadır. Cavablar isə müəyyən dövriliklə işıqlandırılacaqdır.
Qeyd etmək lazımdır ki, bir çox suallar mövzu baxımından oxşar olduğu üçün, müvafiq şəkildə qruplaşdırılmışdır.
Beləliklə, qruplaşdırılmış sualların ilk 15-nin cavablarını Sizlərə təqdim edirik.
Sual 1. “Atəşgah” SQ-də çalışdığınız müddətdə ən çox hansı nailiyyətlə fəxr edirsiniz?
Cavab:
İlk olaraq qeyd etmək istərdim ki, şirkətin 1996-cı ildə yaradılmasının başlanğıcında iştirak etməmişəm."Atəşgah"a 2000-ci ilin mart ayında qoşulmuşam (müsahibədə qeyd etdiyim kimi) və o vaxtdan bəri, artıq 26 ildən çoxdur ki, şirkətlə ayrılmaz bir şəkildə bağlıyam. Bu da mənim üçün böyük bir qürur mənbəyidir.
Bu il bizim biznesimizin 30 illik yubileyi tamam olur. Bu müddət ərzində haqlı olaraq qürur duyacağımız bir çox mühüm nailiyyətlər əldə etmişik:
Şirkətdə çalışdığım hər bir günlə fəxr edirəm. Komandamızın və müştərilərimizin etimadı ilə qürur duyuram. Cavabımı təxminən 20 il əvvəl müəyyən etdiyimiz missiyamızdan bir sitatla bitirirəm:
"Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək".
Sual 2. Dəyişən bazarda, sizin fikrinizcə, şirkətimizin inkişafı üçün hansı dəyərlər daimi təməl olaraq qalır?
Cavab:
Strategiya, korporativ mühit və hədəfləri müəyyən edən aşağıdakı dəyərlər şirkətin inkişafının əsasını təşkil edir:
Sual 3. Son illərdə şirkətdə baş verən hansı dəyişiklikləri ən vacib hesab edirsiniz və nəyi dəyişdirmək istərdiniz?
Cavab:
Son illərdə müxtəlif tədbirlər görülmüş, artıq əhəmiyyətli islahatlar da aparılmışdır. Buraya filiallar blokunun və pərakəndə satış şəbəkəsinin islahatı, zərərlərin tənzimlənməsi bloku üzrə yeni ofis, yeni iş şəraiti və yeni tənzimləmə standartlarının tətbiqi, KASKO layihəsinin ayrılması və bunun əsasında müştərilərimizin məmnuniyyət səviyyəsini artırmaq məqsədi daşıyan e-insurance istiqamətinin inkişafı, Kredit Həyat sığortası xətti üzrə banklarla əməkdaşlıq, İT-strategiyanın hazırlanması və "Atəşgah" Sığorta Qrupunda proseslərin rəqəmsallaşdırılmasına başlanılması, eləcə də tamamilə yenilənmiş Direktorlar Şurası, Audit xidməti və risklərin idarəedilməsi. Bu, dəyişikliklərin heç də tam siyahısı deyil.
Bununla belə, şirkətdə dəyişməli olduğumuz ən vacib məqam əməkdaşların öz işlərinə olan münasibətidir: məsuliyyət və müştəriyönümlülük səviyyəsini artırmaq, prosesə deyil, nəticəyə fokuslanmaq, həmçinin təhsilə və ixtisas artırılmasına daha hörmətli münasibət formalaşdırmaq. Biz, sıravi əməkdaşlardan daha çox təşəbbüslər gözləyirik. Şirkətimizdə bu cür təşəbbüslər cəzalandırılmır, əksinə, alqışlanır. Əminəm ki, bu hədəflərə çatmaqla məhsuldarlığı artırmaq, işdən yayındıran artıq müzakirələrin sayını azaltmaq və şirkəti daha səmərəli və müasir bir quruma çevirmək mümkün olacaqdır.
Sual 4. Şirkətin strategiyasının hansı sahəsi sizi ən çox narahat edir və bu strategiya rəqiblərimizin strategiyasından nə ilə fərqlənir?
Cavab:
Sualın ikinci hissəsindən başlamaq istərdim. Hesab edirəm ki, sığorta bazarının iştirakçılarını yalnız rəqiblər kimi deyil, sığorta sektorunun inkişafı naminə tərəfdaşlar kimi nəzərdən keçirmək daha doğru olardı. Ölkəmizdə sığortanın nüfuzetmə səviyyəsi hələ də beynəlxalq standartlardan əhəmiyyətli dərəcədə geri qalır və bu şəraitdə əsas vəzifə mövcud bazarın yenidən bölüşdürülməsi deyil, onun genişləndirilməsidir.
Sualın birinci hissəsinə gəldikdə isə bildiyiniz kimi, 2027-2029-cu illəri əhatə edən strategiyamız çərçivəsində üç əsas istiqaməti-e-sığorta, daxil olan təkrarsığorta və İslam sığortasını inkişaf etdirməyi planlaşdırırıq. Məhz sonuncu istiqamət məni ən çox ruhlandıran sahədir.
İslam sığortası və ya Takaful – sadəcə yeni bir məhsul deyil, sığorta müdafiəsinin təşkilində prinsipial olaraq fərqli bir modeldir. Onun əsasında qarşılıqlı paylaşma ideyası dayanır: iştirakçılar ümumi fond formalaşdırır və sığorta hadisələri baş verdikdə ödənişlər məhz həmin fonddan həyata keçirilir. İdarəedici şirkət isə bu prosesdə təşkilatçı rolunda çıxış edərək şəffaflığı, qaydalara riayət olunmasını və effektiv inzibatçılığı təmin edir. Klassik sığortadan əsas fərq yanaşma fəlsəfəsindədir. Əgər ənənəvi model daha çox fərdi mənfəətə yönəlibsə, Takaful diqqəti kollektiv müdafiəyə və risklərin ədalətli bölüşdürülməsinə yönəldir. Fondun artıq qalan vəsaitləri iştirakçılara geri qaytarıla və ya növbəti sığorta (iştirak) haqlarının azaldılmasına yönəldilə bilər ki, bu da iştirakçıların inamının və prosesə bağlılığına töhfə verir.
Bu istiqamət mənə bir neçə səbəbdən xüsusilə perspektivli görünür. Birincisi, o, etik, şəffaf və sosialyönümlü maliyyə həllərinə artan tələbi qarşılamağa imkan yaradır. İkincisi, şirkətin bazarda yeni bir nişaya daxil olmasına və unikal bir mövqe formalaşdırmasına geniş imkanlar açır. Nəhayət, bu model universaldır: o, həm bir səhmdar olaraq mənə, həm dini prinsiplərə önəm verən müştərilərə, həm də dürüst, ədalətli və anlaşılan qarşılıqlı fəaliyyət şərtlərinə dəyər verən daha geniş auditoriyaya yaxındır. Strategiya baxımından Takaful – sadəcə məhsul çeşidini artırmaq deyil, müştəri ilə keyfiyyətcə yeni münasibətlər səviyyəsi qurmaq imkanıdır. Bu, "mənfəət naminə xidmət" modelindən tərəfdaşlıq və birgə müdafiə modelinə keçiddir ki, bu da, mənim fikrimcə, bazarda uzunmüddətli differensiasiyanın əsas amilidir. Onu da qeyd etmək istərdim ki, şirkətimizin artıq bir ənənəsi yaranıb: hər il işçilərimizi Məkkəyə, Ümrə ziyarətinə göndəririk.
Sual 5. Bir işçinin gələcək lider olmaq potensialına malik olub-olmadığını müəyyən etmək üçün hansı keyfiyyətlərdən istifadə edirsiniz və bu gün hansı addımları atmağa başlamalıdırlar?
Cavab:
Karyera qurmaq üçün lazım olan keyfiyyətlər barədə çoxlu suallar gəlir. Bu suallara həyatım və peşəkar təcrübəmdən çıxış edərək, daha geniş şəkildə cavab verəcəyəm. Hesab edirəm ki, həkim, müəllim və əsgər peşəsi Tanrı vergisidir. Eyni sözləri sahibkar (biznesmen) haqqında da demək olar. Bu gün çoxları lider olmaq istəyir – bu, qulağa xoş və cəlbedici gəlir. Lakin məndə dərhal belə bir sual yaranır: hamı şair, rəssam və ya musiqiçi ola bilərmi? Təbii ki, xeyr. Bunun üçün müəyyən bir istedad tələb olunur ki, əvvəlcə onu üzə çıxarmaq, sonra isə tələsmədən və müntəzəm şəkildə inkişaf etdirmək vacibdir. Eyni zamanda, bunu anlamaq vacibdir: hər rəhbər lider deyil. Menecer prosesləri idarə edir, tapşırıqların icrasına nəzarət edir və nəticəyə görə məsuliyyət daşıyır. Lider isə ilham verir, baxış bucağı formalaşdırır, istiqamət verir və insanları öz ardınca apara bilir, çünki ona inanırlar.
Onu da yadda saxlamaq lazımdır ki, hər menecer lider olmur və hər lider güclü menecer deyil. Bunlar fərqli bacarıqlardır. Ən yüksək səviyyə hər iki keyfiyyəti birləşdirə bilmək bacarığıdır: həm effektiv idarəetmə, həm də insanlara ilham vermək-bu, xüsusi bir vergidir! Yaxşı rəhbər, xüsusilə də lider olmaq üçün, ilk növbədə güclü bir sıravi əməkdaş olmaq lazımdır:
İllər ötdükcə nəyin sizə həqiqətən maraqlı olduğunu anlamağı (hətta hiss etməyi) və yalnız bununla məşğul olmağı öyrənəcəksiniz. İnsan sevdiyi işi görər, Uca Yaradan ruzini yetirər!
Sual 6: Həyatda məqsədlərinizə çatmaq üçün sizi ən çox nə motivasiya etdi və hansı zəif cəhətlər nailiyyətlərinizə mane oldu?
Cavab:
Həyatımızın müxtəlif dövrlərində (mənim həyatımda olduğu kimi) fərqli hədəflər bizi motivasiya edir:
Hansısa bir anda öz güclü tərəflərini dərk etmək, sizə nəyin daha çox məmnuniyyət gətirdiyini anlamaq və özünüzdən sonra hansı izi qoymaq istədiyinizi müəyyənləşdirmək çox vacibdir. Mən özüm üçün bu sualları cavablandırmışam.
Ata tərəfdən azərbaycanlı və ana xətti ilə ruslara bağlılığıma görə özümdə xüsusi bir missiya hiss etmişəm – Azərbaycan və Rusiyanı bir-birinə bağlayan faydalı bir həlqə olmaq, bir-birimizin güclü tərəflərini daha yaxşı anlamaq və üzə çıxarmaq üçün çalışmaq. Bundan əlavə, gənc nəsillə işləmək mənə həqiqətən yaxındır: öyrətmək, tərbiyə etmək, çoxşaxəli təcrübəmi bölüşmək. Mənim uşaqlıq dövrümdə deyildiyi kimi: "Gənclər bizim gələcəyimiz və layiqli qocalığımızdır".
Zəif tərəflərimdən danışmalı olsam, onlardan biri odur ki, məni maraqlandırmayan bir işlə məşğul olmağa özümü məcbur etməkdə çətinlik çəkirəm.
Sual 7: Hər günə enerji ilə başlamağa və irəliləməyə nə kömək edir?
Cavab:
Əslində mənə qanad verən gördüyüm işin mənasıdır!
Hər bir gün üçün hədəfə aparan bir xəritə kimi dəqiq iş planım olanda və günün sonunda bunu layiqincə yerinə yetirdiyimi görəndə, içimdə isti bir məmnuniyyət odu alovlanır.
Səhərlər hərəkətlə açılmalıdır – fiziki aktivlik bədəni və şüuru oyadır.
Balanslaşdırılmış qida güc və enerji verdiyi kimi, pozitiv əhval-ruhiyyə də adi günü bir imkana çevirir.
Ən dəyərli – yanındakıdır!
Yaxınlar və dostlarla söhbətlər, səmimi gülüş, dəstək...
Sakit səma altında axşam gəzintiləri.
Burda və indi sahib olduğum hər şeyə görə Uca Yaradana edilən səssiz bir şükür.
Mənim enerjim məhz bundadır – sadə, lakin həqiqi olan şeylərdə.
Sual 8. Zəhmət olmasa, ən sevdiyiniz rənglərin, ən sevdiyiniz film janrının adını çəkin və ən sevdiyiniz futbol komandası varmı?
Cavab:
Sevdiyim rənglər: ağ, bej, açıq mavi, tünd göy və qəhvəyi. Tarixi janrda, real hadisələrə əsaslanan filmləri sevirəm. Təəssüf ki, futbolu uşaqlıqda oynamağı sevirdim, hazırda isə izləmirəm.
Sual 9. Keçmişə qayıdıb nəyisə dəyişdirmək üçün yalnız bir şansınız olsaydı, bu gün hansı gün olardı və nəyi dəyişərdiniz?
Cavab:
Bu günlərdə 2014-cü il istehsalı olan "The Giver" adlı Kanada filminə bir daha baxdım. Filmdə müharibələrin, ağrıların, əzabların, sevincin və xatirələrin olmadığı, insanların ideal və maksimum sivilizasiyaya sahib gələcək bir cəmiyyətdə yaşadığı bir antiutopiya təsvir olunur. Bu, mənim üçün yenə də bir sual doğurdu: Keçmişə aid nəyisə dəyişmək və ya geri qaytarmaq istərdimmi?
Cavabım "xeyr" oldu. Yaşanmış hər şeyə – həm pisə, həm yaxşıya, həm qəmgin, həm də sevincli anlara söykənərək, burada və indi yaşamaq lazımdır.
Əlbəttə, mən öz xoş sovet uşaqlığımı, nənə və babalarımı, məktəb illərimi, valideynlərimin qayğı və sevgisini, 90-cı illərin çətin, lakin ümidverici tələbəlik illərini, biznesdəki uğur və uğursuzluqları, həyatdakı mənəvi ustadlarımı, karyera yüksəlişlərini, övladlarımın dünyaya gəlişini və daha bir çox məqamları xatırlayıram.
Lakin mənim üçün, düşünürəm ki, bir çox həmyaşıd həmvətənlərim üçün də, 2020-ci ilin noyabr ayında ədalətin bərpa olunması xüsusi bir əhəmiyyət kəsb edir. Həmin vaxt xalqımız, ordumuz və diplomatiyamız, çox hörmətli Prezidentimizin rəhbərliyi altında, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və bununla da Cənubi Qafqaza sülh gətirdi.
Sual 10: Təcrübə və biliklərinizin zirvəsindən gənc Ruslan Əliyevə nə demək istərdiniz?
Cavab:
Bu və bəzi digər suallarınıza cavab verməzdən əvvəl, sizə ilk növbədə daha çox mütaliə etməyi tövsiyə edərdim. Hazırkı dövrümüzdə çox maraqlı Teleqram kanallarına abunə olmaq da mümkündür. Orada, özümün də tez-tez səsləndirdiyim və bəzən hətta sitat gətirdiyim, hikmətli fikirlər və ideyalarla rastlaşmaq mümkündür.
Bugünkü təcrübəmdən çıxış edərək, 20 yaşında olan özümə məsləhət görərdim ki, uğur və nailiyyətlərdən əvvəl, xoşbəxtlik və həyatın mənasına daha erkən fokuslanmaq lazımdır. Lakin mən həyatımın böyük bir hissəsini dayanmadan işləyərək, "çalışıb-vuruşaraq" və daim uğura can ataraq keçirmişəm. Ardıcıllıq belə idi:
Mən hər zaman hədəflərimə çatmağa çalışırdım. Hədəflərə çatdıqca uğurlu olurdum. Pul-para bu prosesin yanaşı məhsulu idi. Amma bir xeyli pul qazandıqdan sonra anladım ki, bu, yanlış hədəf imiş- bütöv bir yanlış hədəflər silsiləsi.
Beləliklə, mən həyatımın mənasını axtarmağa başladım: nə üçün doğulmuşam, ümumiyyətlə mənim missiyam nədir və nə zaman özümü xoşbəxt hiss edirəm. Müşahidələrim göstərdi ki, xoşbəxt olduğum zaman istənilən hədəfə daha sürətlə çatmaq mümkündür!
Bir çox gənc pulu və ya uğuru öz hədəfi olaraq müəyyən edir, lakin buna nail olduqda hər zaman xoşbəxtlik əldə edə bilmirlər. Əksinə, əgər xoşbəxt olmağı əsas hədəf kimi müəyyən etmisinizsə, uğura daha tez çata, daha çox pul qazana və daha dəqiq desək, bunu daha asan əldə edə bilərsiniz.
Sual 11. Siz uzun illər təcrübəyə malik bir iş adamısınız və bilirik ki, öz uğurlarınızı öz zəhmətinizlə əldə etmisiniz. Xahiş edirəm, necə böyük pul qazanmağın yollarını izah edəsiniz?
Cavab:
Bu məqamda, Marqulan Seysenbayın bir tövsiyəsindən sitat gətirmək istəyirəm, çünki bu fikir ilə tam razıyam: "Böyük pullar və sərvət zəhmət nəticəsində əldə edilmir. Sərvət iki əsas amilə əsaslanır: birincisi – riski qəbul etmək; ikincisi – səbr etmək."
Bəs niyə məhz belə olur? İslamda bunun izahı var: insan yalnız iki xüsusi vəziyyətdə Uca Yaradana təvəkkül edir, ona sığınır. Məsələn, təyyarə turbulentliyə düşəndə bu, risk vəziyyəti yaradır və insan deyir: "Əgər sağ-salamat yerə çatsam, siqareti, içkini tərgidəcəyəm”.
Və ya yaxın bir adam reanimasiyada olduğu halda, insan belə deyir: "Təki sağalsın, mən kilsəyə, məscidə gedəcəyəm, sədəqə verəcəyəm, kasıblara yardım edəcəyəm, şam yandıracağam". Sən Uca Yaradanı ya qorxduğun və risk etdiyin vaxt, ya da canın yananda və səbr etməyə məcbur olanda xatırlayırsan – hər iki halda ona təvəkkül edirsən. Bunlar insanın Uca Yaradana həqiqətən sığındığı iki haldır və bunun sayəsində bərəkət, o cümlədən sərvət şəklində gəlir.
Birjada da eynidir: investisiya edərkən riski üzərinə götürürsən və nəticədə qazana bilərsən. Səbr etməyi bacardıqda isə yenə nəticəyə nail olursan.
Sual 12. Ünsiyyətdə tez-tez rus dilindən istifadə etdiyinizi müşahidə etmişəm. Maraqlıdır: rus dili şəxsən sizin üçün nə deməkdir və gələcəkdə onun ölkəmizdəki rolu və mövqeyinin necə dəyişəcəyini düşünürsünüz?
Cavab:
Bir dəfə yüksək rütbəli bir məmur mənim doğma ana dilimdə – azərbaycanca deyil, tez-tez rus dilində danışdığımı görüb irad bildirdi. Mən zarafatla cavab verdim: "Mənim ana dilim rus dilidir, axı mənim anam rusdur". Əlbəttə ki, bu bir zarafat idi lakin bu zarafatda bir həqiqət payı da var.
Mənim təhsilim və peşəkar həyatımın mühüm bir hissəsi rusdilli mühitlə bağlıdır: Bakıda məktəb, Moskvada universitet, aspirantura və Rusiyada keçən iş illəri – həm biznesdə, həm də diplomatik xidmətdə. Bu səbəbdən rus dili mənim üçün təbii ünsiyyət dili olaraq qalır.
Bununla belə, bizim şirkətdə kargüzarlıq dövlət dilində aparılır. Bu, prinsipial olaraq vacibdir. Yadımdadır, 2011–2012-ci illərdə bizdə bir müddət qərb biznes məktəblərindən birinin məzunu olan təcrübəli bir müşavir çalışırdı. O, İdarə Heyəti və Direktorlar Şurasının iclaslarının Azərbaycan dilində keçirilməsi barədə təklifimi bəyənməmişdi; hesab edirdi ki, belə bir keçid iş proseslərini ləngidə və biznesin səmərəliliyinə mənfi təsir göstərə bilər.
Rus dili biliyi hələ də mədəniyyət, elm və biznes üçün bir körpü olaraq qalmaqdadır. Bəzən isə sosial şəbəkələrdəki müzakirələri izləyərkən özümə sual verirəm: nəyə görə bizə tarixi və mədəni cəhətdən kifayət qədər yaxın olan bir dili, bəzən könüllü olaraq digər bir xarici dillə – ingilis dili ilə əvəz edirik?
Sual 13. Mən altı ildən çoxdur ki, “Atəşgah” da işləyirəm və bu müddət ərzində bura mənim üçün ikinci evə çevrilib (səhər saat 9:00-da gəlirəm və axşam saat 7:00-da çıxıram). Şirkətdə bir çoxları üçün siz nüfuzlu və nümunəvi bir insansınız. Liderlik və peşəkar keyfiyyətlərinizlə yanaşı, həmkarlarınız tez-tez qayğıkeş və mehriban qəlbinizi qeyd edirlər. Fikrinizi eşitmək istərdim: xeyirxahlıq şəxsən sizin üçün nə deməkdir? Həyatınızda xeyirxahlığınız nankorluqla qarşılandığı zaman məyusluq anlar olubmu?
Cavab:
Mənim fikrimcə, xeyirxahlıq hər bir insanın fərdi seçimidir. O, hər zaman diqqətə çarpan və səs-küylü olmur. Çox vaxt xeyirxahlıq, sadə məqamlarda – dəstək və qayğı göstərməkdə, eyni zamanda başqasının ağrısına biganə qalmamaqda özünü büruzə verir.
Mənim üçün belə nümunələr çoxdur, unutduqlarım isə bəlkə ondan da çoxdur. Qoy, həyatda kömək etdiyim, bəzən hətta öz mənafeyimə zidd olsa belə əl tutduğum insanlar bunu xatırlasınlar!
Bəli, həyatda tez-tez nankorluqla qarşılaşıram, bəziləri onlara kimin və necə kömək etdiyini unutmağa çalışırlar. Bu, bəzən insanı yaralaya bilir. Lakin zaman keçdikcə vacib bir məsələni anlayırsan: xeyirxahlıq digər insanların reaksiyasından asılı olmamalıdır. Əgər onu minnətdarlıq xatirinə edirsənsə, bu artıq bir mübadiləyə çevrilir. Əsl xeyirxahlıq isə yalnız ona görə edilir ki, sən başqa cür edə bilmirsən.
Bu səbəbdən mən buna sakit bir şəkildə yanaşmağa çalışıram. Hər kəs öz hərəkətlərinə görə vicdanı qarşısında cavabdehdir və inanın ki, vicdan hər bir insanda mövcuddur.
Başqasının nankorluğu və ya minnətdarlığı həmin insanın öz seçimidir, mənim insanlara münasibətim isə mənim şəxsi seçimimdir. Mənim üçün vacib olan, kimlərsə "çox sağ ol" deməyi unutsa belə, xeyirxahlıq etmək (bundan həzz alıram) bacarığımı itirməmək və səxavətli olmaqdır. Əlbəttə ki, sahib olduğum hər şeyə, həmçinin mənə bəxş etdiklərinə görə Uca Yaradana minnətdar olmağımdır. Əlhəmdülillah!
Sual 14. Sizin fikrinizcə, hansı əməkdaş ixtisardan qorunmağa və şirkətdən getmək istədikdə saxlanmağa layiqdir?
Cavab:
30 ildən artıq rəhbərlik təcrübəmə dayanaraq deyə bilərəm ki, mənə görə əməkdaşda üç əsas keyfiyyət vacibdir: loyallıq, peşəkar səriştəlilik və məsuliyyət. Əgər əməkdaş şirkətin dəyərlərinə şərikdirsə, ölçülə bilən nəticə verirsə, komandada işləməyi bacarırsa və çətin vəziyyətdə bəhanə deyil, həll yolu axtarırsa – mən belə insanları qoruyub saxlamağı zəruri hesab edirəm. Daxili yetkinlik və minnətdarlıq olmayanda, peşəkarlıq mənim üçün heç bir dəyər kəsb etmir.
Sual 15. Müsahibələrinizin birində uşaqlıq xatirələrinizdən və keçmişinizin şirkətin indiki ofisi ilə gözlənilməz əlaqəsindən bəhs etmişdiniz. Belə taleyin işarələri sizin üçün nə dərəcədə önəmlidir?
Cavab:
Məncə, insan ümumiyyətlə həyatında daxili bir dramaturgiya axtarmağa meyllidir – süni mənada deyil, sadəcə keçmişin bu günü necə formalaşdırdığını anlamaq cəhdi kimi. Bəzi hadisələr baş verdiyi anda təsadüfi və demək olar ki, əhəmiyyətsiz görünür, amma illər sonra gözlənilmədən vahid bir xəttə çevrilir. O zaman insanda “taleyin işarəsi” ndən çox, öz bioqrafiyasının dərin bağlılığını hiss etmə duyğusu yaranır.
Mən heç vaxt həyatı bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı mərhələlərə bölmək istəməmişəm. Əksinə, mənim üçün vacib olan onların necə bir fasiləsiz zəncirə çevrildiyini görməkdir – hətta bu hər zaman açıq, ardıcıl və ya məntiqli görünməsə belə.
Bu gün ofislərimizdən birinin yerləşdiyi V. Məmmədov küçəsi 16 ünvanındakı bina mənim uşaqlığımla bağlıdır: mən 16 yaşıma qədər orada yaşamışam. Sonra Moskvada təhsil, köç, başqa bir həyatın on ili, daha sonra isə artıq Razin küçəsindəki evə dönüş oldu. 2000-ci illərin əvvəllərində atamla birlikdə V. Məmmədovdakı binanın alınması və yenidən qurulması barədə qərar qəbul edəndə, əlbəttə ki, illər sonra onun mənim peşəkar həyatım və biznesimlə bağlı olacağını təsəvvür belə edə bilməzdik.
Mən buna mistik şəkildə yanaşmıram. Mənim üçün yaddaş arxiv deyil, canlı mənalar sistemidir. Uşaqlıq təəssüratları, məkanlar, atmosfer, qoxular, emosional vəziyyətlər çox vaxt bizə özümüzün düşündüyümüzdən qat-qat güclü təsir edir.
Təəssüf ki, zaman keçdikcə çox şey yox olur: köhnə binalar sökülür, onların yerində isə daha müasir, daha iri və daha dəbdəbəli tikililər ucalır. Məsələn, Four Seasons oteli. Amma yəqin ki, hər bir insana daha doğma olan, yenə də onun öz assosiativ dünyasıdır – şəxsi xatirələri və duyğularıyla bağlı məkanlar və obrazlar.
Məhz buna görə keçmişlə indinin gözlənilməz kəsişmələri insanda güclü təəssürat yaradır. Belə anlarda xüsusilə aydın anlayırsan ki, insan həyatı xətti şəkildə inkişaf etmir. Biz daim müəyyən başlanğıc nöqtələrinə qayıdırıq – yalnız artıq başqa təcrübə, başqa anlayış və başqa məsuliyyət miqyası ilə.
QEYD: müsahibədə sualları işıqlandırılan əməkdaşlar:
Günay Fətullayeva, Nigar Paşayeva, Samirə Şamxalova, Vəfa Əbilova, Əzizə Cəfərova, Murad Nəzərov, Aysel Rəhmanova, Aydana Abbasova, Şahsənəm Əmircanova, Şahin Hüseynov, Taleh Gözəlov, Fəridə Mirzəliyeva, Tamilla Yusubova, Şəfa Cabbarova, Fatma Feyzullayeva, Elnur Babayev, Günay Mahmudova, Vüqar Məmmədov, Nərmin Fərzalıyeva, Səbuhi Mikayılov, Salman Bədəlov, Lamiyə Abbaszadə, Cavid Məhərrəmov, Zaur Qurbanov, Lalə İslam zadə, Səmayə Tapdıqova, Şəhla Əhmədli, Hikmət Mustafazadə, Rəşid Məmmədov, Nihad Fərzalıyev, Vasif Mehdiyev, Emin Allahverdiyev, Ruqiyyə Babazadə, Mehman Nəbiyev, Nuray Bəşirova, Əmir Məhərrəmov, İlkin Qasımov,Tərlan Əliyev, Rəsul Ağamirzəyev, Gözəl Kəsəmənskaya, Xatirə Abbasova, Səlimə Alxazova, Nərgiz Həsənova, İradə Babayeva, Rəhman Yusifov, Yusif Əliyev, Şaban Umuxanov, Ramin Axundov, Nicat Qasımov, Ömər Zahidli, Savalan Xəlilov, Nərmin Nəcəfova, Azər Əliyev, Günay Kərimova, Ülviyə Abdiyeva, Nəzrin İsmayılova, Fəxriyyə Verdiyeva, Səbinə Əliyeva, Sevinc Əsədova, Zemfira Məmmədova Nəbiyeva, Leyla Səfərova, Tural Kələntərli, Nərgiz Qasımova.