Ötən gün “Atəşgah” Sığorta Qrupu “Hyatt Regency” hotelinin "Nizami" konfrans zalında son 3 ilin nəticələrinin təhlili əsasında növbəti 3 il (2023-2025) üçün strateji planın müzakirəsinə toplaşıb.
"Siqortaci.az" xəbər verir ki, “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyevin açılış nitqi ilə başlayan tədbirdə “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev, “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, ”Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov, “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Namiq Xəlilov, “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının müstəqil üzvü Yekaterina Şebarova və digər rəhbər şəxslər, eləcə də bir sıra səlahiyyətli nümayəndələr iştirak etmişdir. Rəhbərliyin açılış nitqlərindən sonra “Atəşgah” Sığorta Qrupunun tarixinə həsr olunmuş video-çarx izlənib. Tədbirin rəsmi hissəsindən sonra son 3 il ərzində “Atəşgah” Sığorta Şirkətinin qarşıya qoyduğu hədəflər üzrə görülən işlər təhlil edilmiş, növbəti 3 illik dövr (2023-2025) üçün planlar müzakirə olunmuşdur.
"Atəşgah" Sığorta Şirkətinin növbəti 3 illik strategiyasının hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsas götürülmüşdür.
Missiya və vizyonuna daim sadiq qalan “Atəşgah” Ssığorta Şirkəti əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir. Ötən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun Zəfər qələbəsi Şirkəti yeni hədəflərə çatmaqda ruhlandırmış və növbəti illər üçün tərtib edilən strategiyada bununla bağlı bir sıra addımlar öz əksini tapmışdır.
Belə ki, tədbir zamanı ölkəmizin zəfərlə işğaldan azad etdiyi əzəli torpaqlarımızın açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda həyata keçirilməli olan bir sıra tədbirlər də “Atəşgah” Sığorta Şirkətinin 2023-2025-ci illər üzrə strategiyasında başlıca hədəf kimi nəzərdə tutulmuşdur.
Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun təhlili, problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi “SWOT” analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa yardımçı olmuşdur.