940 Daxil ol

“Atəşgah” Sığorta Şirkətinin dələduzluğa əl atan müştərilərlə apardığı mübarizə haqqında-MÜSAHİBƏ

16.03.2021

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr Müavini  Fuad İsmayılovun sığorta sahəsində baş verən dələduzluq halları barəsində verdiyi müsahibəni nəzərinizə çatdırırıq:

1. Sığorta sahəsində dələduzluq faktlarına tez-tez rast gəlinirmi?

 

-      Sığorta – maliyyə sektorunun ayrılmaz tərkib hissəsidir və sığorta şirkətlərinin əsas vəzifə borcu sığorta hadisələrinin tənzimlənməsi və ödənişlərin həyata keçirilməsidir. Bu səbəbdən də sığrota sahəsi daim özünə dələduzları cəlb edir. Baş verən dələduzluq hallarının təhlili göstərir ki, bu kimi neqativ halları əsasən iki növə bölmək olar: Əhalinin sığorta sahəsində, həmçinin hüquq sahəsində bilik və savadlarının kifayət qədər olmaması səbəbindən bəzən baş vermiş real hadisə zamanı yararlanaraq artıq qazanc əldə etmək və ya sığorta təminatına düşmədiyi halda, dəymiş zərəri sığorta şirkətlərinin hesabına bərpa etmək məqsədilə müxtəlif yollara əl atırlar. Bir müddət öncə maraqlı bir sığorta hadisəsi ilə üzləşmişdik. Belə ki, biri yüksək digəri isə aşağı dəyərli olan 2 minik avtomobili yol-nəqliyyat hadisəsi törədərək şirkətimizə qəza ilə bağlı məlumat vermişdilər. Günahın aşağı dəyərli avtomobilin sahibində olmasına baxmayaraq, dəymiş zərəri bərpa edib əlavə qazanc əldə etmək məqsədi ilə vətəndaşlar öz aralarında razılığa gələrək daha çox zərər dəymiş nəqliyyat vasitəsinin sahibini gunahkar qismində qələmə vermişdilər. Təbiik ki, bu, öncədən planlaşdırılmamış bir dələduzluq halıdır və bu kimi hadisələrə daha çox rast gəlirik. İkinci növ dələduzluq halları kimi sığorta şirkətinə ziyan vuraraq qeyri-qanuni yolla varlanmaq, qazanc əldə etmək məqsədilə öncədən planlaşdırılmış və müvafiq nəzarət qurumunun məsul şəxslərinin də aldadılması və ya iştirakı ilə həyata keçirilən halları misal çəkmək olar. Burada sığorta hadisəsinin imitasiyası və ya qəsdən nəqliyyat vasitəsinin, əmlakın dəyərinin şişirdilərək sığortalanması hallarını misal çəkmək olar. Belə bir hadisə ölkəmizə Amerikadan zədələnmiş vəziyyətdə gətirilən avtomobil ilə baş vermişdi. Müştəri yük avtomobili ilə yol-nəqliyyat hadisəsini imitasiya edərək avtomobilə dəymiş zərəri 5 000 AZN-dən artıq qeydə almış və sığorta şirkətindən bu məbləği tələb etmişdi. Lakin, sığorta şirkətinin əməkdaşlarının ayıq-sayıqlığı və hüquq mühafizə orqanlarının dəstəyi ilə bu hadisənin imitasiya olunduğu haqqında qərar qəbul edilmişdi.  Belə dələquzluq hallarına mütəmadi olaraq rast gəlinir. Əfsuslar olsun ki, son dövrdə yaşanan böhran və pandemiya ilə əlaqədar vətəndaşların üzləşdiyi maliyyə sıxıntıları sığorta sahəsində dələduzluq faktlarının artmasına gətirib çıxarır. Bu halda 1-ci qeyd etdiyim növ yox, 2-ci növ sığorta dələduzluğu hallarına daha çox rast gəlinir.

2. Bununla “Atəşgah” Sığorta Şirkət olaraq necə mübarizə aparırsınız?

 

-      Qeyd etiyimiz kimi, sığorta şirkətlərində dələduzluq halları daha çox sığorta hadisələrinin tənzimlənməsi etapında baş verir. Bu səbəbdən də hər bir sığorta şirkətində hadisələrin tənzimlənməsi ilə məşğul olan müvafiq xidmət və departamentlər mövcuddur. Bizim şirkətimizdə də “Zərərlərin tənzimlənməsi” idarəsi mövcuddur. Bu idarədə hadisələrin müəyyən etaplarda tənzimlənməsi ilə məşğul olan müvafiq şöbələr və xidmətlər mövcuddur. Onların əsas vəzifəsi müştərilərə operativ xidmət göstərmək, müştərilərin qayğısına qalmaq, dəyşim zərəri düzgün və real qiymətləndirərək müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaqla yanaşı onların məsul olduğu etaplarda müəyyən olunan sığorta dələduzluğu şübhələrinə də aydınlıq gətirməkdir. Hadisənin ilkin tənzimlənməsinə cavabdeh olan qəza komissarlarının vəzifə borcu hadisə yerinə dərhal gedərək hadisə iştirakçılarına dəstək olmaq, ehtiyac olduğu təqdirdə müvafiq dövlət qurumlarını, təcili tibbi yardımı çağırmaqdan ibarətdir. Hadisənin ilkin etapında qəza komissarları şübhəli məqamlarla rastlaşdıqları zaman müştərilərdən izahat almalı, araşdırma apararaq şübhələr barəsində müvafiq dövlət qurumuna məlumat verməlidirlər. Bəzən qəza komissarları hadisə yerinə gedəndə hadisə iştirakçıları hadisə barədə təzadlı məlumat verirlər. Bu yaxınlarda belə bir hadisə baş vermişdi və tərəfimizdən HMO bu barədə məlumatlandırılaraq yerində aparılan araşdırma nəticəsində avtomobili idarə edən şəxsin içkili olması səbəbilə hadisə yerində sürücü ilə sərnişinin yerdəyişməsi halının baş verdiyi aşkarlanmışdı. Bu fakt sığorta ödənişindən imtinaya əsasdır və ya subraqasiya hüququ yaradır. Növbəti etap qiymətləndirilmə və texniki ekspertizanın keçirilməsindən ibarətdir. Həmin xidmətləri keçirən əməkdaşların vəzifə borcu ilk növbədə əmlaka, avtomobilə və ya digər sığorta obyektinə dəymiş zərərin tənzimlənməsindən ibarətdir. Onlar da dələduzluq hallarının qarşısını almaq üçün müvafiq addımlar atırlar. Bəzən müştərilər qəza komissarlarını hadisə yerinə dərhal çağırmırlar. Sığort qanunvericiliyinə əsasən 24 saat ərzində müştərinin hadisə barədə sığorta şirkətinə məlumat vermək hüququ var. Elə olur ki, qəza komissarları hadisə yerinə çatanda avtomobillər hadisə yerindən kənara çəkilmiş və ya cərimə meydançalarına aparılmış olurlar. Bu halda isə texniki ekspertiza şöbəsinin əməkdaşları zərərlərin qiymətləndirilməsi üçün hadisənin baş vermə anının sxemindən və qəza komissarının hadisə yeri ilə barədə söylədiyi məqamlara əsasən avtonəqliyyat vasitələrinin bir-birinə toxumna anı, dəymiş zərərin xüsusiyyətlərini nəzərə alaraq bir çox dələduzluq  hallarının qarşısını almış olurlar. Bir neçə ay bundan öncə Şirkətimizə bölgələrin birində Ford Transit markalı avtomobilin VAZ 2106 avtomobili ilə toqquşaraq  dərəyə aşması ilə bağlı məlumat daxil olmuşdu. Hadisə nəticəsində Şirkətin müştəriyə ödəyəcəyi məbləğ  5 000 AZN təşkil etməli idi. Qeyd edək ki, bu halda hadisə yeri pozularaq qəza komissarlarına gec məlumat verilmişdi. Buna baxmayaraq, nəqliyyat vasitələrinin toqquşduğu hissələrin izlərini, hadisənin baş vermə sxemini daha da dərindən araşdıraraq, HMO-a müraciət olunduqdan sonra Ford Transit markalı avtomobil naməlum səbəblərdən bir neçə gün əvvəl aşaraq zərər gördüyü aşkarlanmışdı. Sadəcə sonradan sığorta şirkətindən 5 000 AZN məbləğini almaq imkanını müəyyən edən dələduzlar bundan yararlanmaq istəyərək belə yola əl atıblar. Bu səbəbdən qeyd etmək istərdim ki, hadisələrin tənzimlənməsi ilə məşğul olan müvafiq idarə hadisələrin müxtəlif etaplarında daim bu məqamlara diqqət yetirirlər. bundan başqa hər bir şirkətdə olduğu kimi, bizim də şirkətimizdə “Hüquq” şöbəsi var və onlar sığorta hadisələri zamanı yaranan hüquqi məsələlərin həlli ilə məşgul olurlar.

Daha öncə qeyd etdiyim kimi , əhalinin bir çox hissəsi sığorta sahəsində bilik və savadalarının kifayət qədər olmaması səbəbi ilə baş vermiş hadisə nəticəsində sığorta şirkətindən daha çox pul əldə etmək üçün müəyyən yollara əl atırlar. Bu halda bizim şirkətimizin əsas prinsipi dərhal müştərilərlə maarifləndirici söhbətlər aparıb, onlara bu kimi hallar zamanı üzərilərinə düşən məsuliyyəti izah eməkdən ibarətdir. Hal-hazırda biz bu istiqamətdə maarifləndirmə işləri ilə məşğuluq.

 

 3. Mübarizə yolu kimi hansı dünya təcrübələrinin ölkə ərazisində tətbiqini real hesab edirsiz?

 

-      Dünya təcrübəsinə gəldikdə isə bizim sığorta bazarımız bəzi xüsusiyyətləri ilə daha çox Rusiya sığorta bazarına yaxındır. Sadəcə, Azərbaycan Respublikasının  Qanunları daha fərqli olduğundan bizim sığorta hadisələrinə olan  yanaşmamız da fərqlidir. Ölkəmizdə baş verən hadisələrin həcmi Rusiyadakı kimi deyil. Buna səbəb - orada sığorta bazarının həddindən artıq geniş olmasıdır. Müxtəlif regionlarda insanların yaşayış tərzindən asılı olaraq dələduzluq hadisələrinin baş vermə tezliyi artır.

Bütün bunlara baxmayaraq qanunvericilik bizə Rusiyadakı kimi davranmağa imkan vermir. Bugünkü gündə Rusiyada sığorta sahəsində hüquqi təhsili olan detektiv agentliklər mövcuddur. Onlar sığorta şirkətləri ilə müəyyən müqavilələr bağlayıb araşdırmaların aparılmasına dəstək olurlar. Lakin, AR-nın qanunvericiliyinə əsasən əməliyyat-axtarış fəaliyyətindən yalnız hüquq mühafizə orqanları yararlana bilərlər. Sığorta hadisəsi ilə bağlı yaranmış şübhəli sənədləri, sübutları toplayaraq HMO-na ötürmək, onları bu barədə məlumatlandırmaq imkanlarımız həddindən artıq genişdir.

 

 4. Ən çox hansı sığorta növləri üzrə belə faktlar qeydə alınır?

 

-      Qeyd etdiyim kimi, sığorta sahəsi daim dələduzları cəlb etdiyi sahə olduğundan, bu sahədə mütamadi olaraq belə hadisələr baş verir. Amma son dövrdə maliyyə çətinlikləri ilə bağlı bəzi insanlar  daha çox imitasiya olunan dələduzluqlara əl atırlar. Bilərəkdən daşınar və daşınmaz əmlakla bağlı hadisələrin törədilməsi hadisələri artır.

Misal üçün, bu yaxınlarda Yasamal rayonu ərazisində sığorta hadisəsi baş vermişdi. Və ilkin rəy olaraq hadisəyə səbəb kimi qısaqapanma göstərilmişdi. Müvafiq dövlət orqanları ilə birgə aparılan araşdırma nəticəsində hadisənin qəsdən, sığorta ödənişinin alınması məqsədilə törədildiyi müəyyən olunmuşdu.