940 Daxil ol

Atəşgah” SŞ-nin İdarə Heyətinin Sədr müavini Fuad İsmayılov – Müsahibə

04.11.2021
  • Bəzi sığorta şirkətləri bəzi avtomobilləri sığortalamaqdan imtina edib. “Atəşgah“ sığorta şirkətində bu barədə vəziyyət necədir?

İcbari sığorta növləri üzrə müvafiq lisenziyaya malik olan sığorta şirkətlərinin hər hansı bir icbari sığorta növü üzrə məhdudiyyətlər təyin etməsi düzgün deyil. “Atəşgah” Sığorta Şirkəti də öz növbəsində icbari sığorta növləri üzrə müvafiq lisenziyalara malikdir. Şirkətimiz sistemini təkmilləşdirmək və müştərilərimizin icbari sığorta növlərini rahat, əlçatan və çevik şəkildə əldə etməsi naminə daim çalışır. Belə ki, müştərilərin rahatlığını düşünərək, zamana qənaət etməsi üçün onlayn sistemlər də yaratmışıq. Müştərilər nəinki canlı şəkildə satış ofislərimizə yaxınlaşaraq sığorta məhsullarımızı əldə edə bilə, eləcə də sosial şəbəkələr, WhatsApp və veb səhifəmiz vasitəsilə onlayn şəkildə müraciət edib sığorta məhsulunu əldə edə bilərlər. Əfsuslar olsun ki, bir sıra vətəndaşlarımız texniki səbəblərdən dolayı onlayn məhsul əldə etməkdə çətinlik çəkirlər. Bu kimi müştərilərimiz üçün satış ofislərimiz də xidmət göstərməkdədir.

Həmçinin, NVSMMİS növü üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusi texnika sığortalanarkən həmin nəqliyyat vasitələri barədə olan məlumatlar, həmçinin sahibkarın müvafiq göstəriciləri vətəndaşlar tərəfindən sistemdə səhv qeyd olunması faktları mövcuddur. Bu halda isə, vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçməklə tarifin düzgün hesablanmamasına səbəb olur, həmçinin sığorta hadisəsi üzrə tənzimləmə prosesində problemlər yaranır. Bu kimi nüansların olmaması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların satış ofislərinə yaxınlaşaraq müvafiq sənədləri təqdim etməklə  sığorta məhsulunu əldə etməsi daha məqsədəuyğundur.

 

  • Şirkətdə kadr islahatları baş verir? Baş verirsə, bu nə ilə bağlıdır? Baş vermirsə, gözlənilirmi?

Hər zamankı kimi, “Atəşgah” Sığorta Şirkəti öz insan resurslarına böyük önəm verir və əsas dəyəri kimi insan resurslarını hər zaman öndə tutur. Kadr islahatları ilə bağlı qeyd etmək istərdim ki, hər il olduğu kimi, bu il də sözügedən məsələ ilə əlaqədar müvafiq planlar mövcud idi. Hər ilin sonu “Atəşgah” Sığorta Şirkətində kadr islahatları ilə bağlı müvafiq planlaşdırma həyata keçirilir, ehtiyaclar araşdırılır və növbəti il üçün bununla bağlı planlar tərtib olunur.

Bu il Şirkətimizdə kadr ehtiyatının formalaşması, struktur bölmə rəhbərlərinin əvəzedicilərinin formalaşması, onların peşəkar biliklərinin, dünya görüşlərinin, liderlik qabiliyyətlərinin inkişafında mühüm addımlar atılıb. Bundan əlavə, şirkət daxilində istedadı, peşəkarlığı, liderlik qabiliyyətləri və digər xüsusiyyətləri ilə seçilən əməkdaşlara təlimlər keçirilmişdir. Bir əsas nüansı vurğulamaq istərdim ki, biz şirkətdaxili olan aparıcı vəzifələrə Şirkətdə çalışan mövcud əməkdaşların təyin edilməsinə daha çox üstünlük veririk. Mövcud vakansiyalara layiqli namizədlərin seçilməsi üçün şəffaf kadr islahatları siyasəti və sistemi mövcuddur. Bunun üçün insanın loyallığı, peşəkarlığı, dünya görüşü, liderliyi, bir sıra zəruri qabiliyyətləri, eləcə də, Şirkətin missiya, vizyon və strategiyasını dərk edərək, digər əməkdaşlara da təbliğ etmə bacarığının olması böyük rol oynayır.Qeyd etmək istəyirəm ki, əməkdaşlarımızı ilk gəldikləri gündən etibarən planlaşdırılmış şəkildə təlim və tədris ilə təmin etməyə çalışırıq. “Atəşgah” Sığorta Şirkətini əməkdaşlarının iş saatlarının bir hissəsi mütləq şəkildə təlimlərə və onların fərdi inkişafına ayrılmışdır.

 

  • Hazırda sığorta bazarında vəziyyəti necə dəyərləndirərdiniz və sığorta sektorunda nə çatmır? (Kadr, maliyyə, təcrübə və.s)

Qeyri-neft sektorunun, maliyə bazarlarının inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti göz qabağındadır. Belə ki, dövlət rəhbərliyinin atdığı addımlar, qəbul etdiyi qərarlar, normativ aktlar, müvafiq dəyişikliklər bu sektorun inkişafına birbaşa təsir edən addımlardandır. Bu gün Mərkəzi Bank başda olmaqla, bu quruma nəzarət edən, birbaşa və ya dolayı yol ilə təsir edən orqanlar öz fəaliyyətlərində dövlət rəhbərliyinin siyasətini əsas tutaraq müvafiq addımlar atırlar. Sektorun inkişafına yönəlmiş dəyişiklikləri, yenilikləri hər birimiz ilbəil müşahidə edirik. Lakin, bu qərarların icrasının operativliyini artırmağa, gözəçarpan şəkildə inkişafı hiss etməyə potensiallar hələ də kifayət qədərdir. Bununla bağlı qeyd etmək istərdim ki, sığorta sektorunda sığorta şirkətlərinin təşəbbüskarlığı olsa, bu qərarların icrasında həmrəy və həmfikir olsalar, o zaman bu sektorun inkişafı daha da gözəçarpan olar.

Təqdirəlayiq addımlardan birini vurğulamaq istərdim ki, son dövrlərdə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosasiyasının birgə fəaliyyəti, təşəbbüskarlığı bu istiqamətdə birgə atdığı addımlar inkişafa gətirib çıxaran faktorların tezləşməsinə xidmət edir. Son dövrdə şirkətimizin, eləcə də digər şirkətlərin iştirak etdiyi sığorta sektorunun inkişafına istiqamətlənmiş  ASA (Azərbaycan Sığortaçılar Assosasiyası) ilə Mərkəzi Bankın aktiv birgə fəaliyyət tədbirlərini qiymətləndirirəm.

Düşünürəm ki, Azərbaycanın Sığorta Şirkətləri tərəfindən bazarda olan problemlərin müzakirə olunması, aradan qaldırılmasına yönəlik tədbirlər planının hazırlanması, əhalidə sığorta sektoruna olan inamın artırılması istiqamətində MB və ASA tərəfindən atılan addımlar növbəti illərdə fayda verəcək.

 

  • Sığorta təhsilinin olması bazardakı vəziyyəti nə qədər yaxşılaşdıra bilər?

5-ci sualı bir misal ilə cavablamaq istəyirəm. Misal konkret sığorta sahəsində deyil, lakin vətəndaşların özlərini peşəkarlara həvalə etməsinə aid real misaldır. Yaponiyada insanların aktivliyi, işgüzarlığı, həyat fəallığı həddindən artıq yüksəkdir. İnsanlar burada işə gedib-gələrkən metrolardan geniş şəkildə istifadə edirlər. Metro stansiyalarında bir ara həddindən artıq çox tıxac insanların işə gecikməsinə və s. narazılaqlara səbəb olurdu. Yapon mədəniyyətinə görə insanların bir-birinə toxunması onların şəxsi zonasına daxil olmaq kimi qiymətləndirilirdi və insanlar bunu qəbul etmirdilər. Beləcə, həddindən artıq çox tıxaclar yaranırdı. Bu problemi aradan qaldırmaq üçün  Yaponiyanın metropoliteni xüsusi bir funksional yaratdı. Belə ki, xüsusi forma geyinmiş bir qrup şəxs tıxac zamanı metro vaqonlarında sərnişinlərin sıxlığına nəzarət edirdi. Onların əsas funksionalları insanları  vaqonlara yerləşdirməkdən ibarət idi. Artıq metroda sərnişinlər bu şəxslərə peşəkar kimi yanaşdığı üçün onlara etibar edirdilər. Yaranan etibardan dolayı həmin şəxslərin sərnişinlərə toxunması onlarda qıcıq yaratmırdı. Düşünürdürlər ki, bu onların peşəsidir və sadəcə vəzifələrini icra edirlər. Bu atılan addım Yaponiyada gecikmələrin və tıxacların qarşısını almağa gətirib çıxardı. Bunu ona görə qeyd edirəm ki, hər bir sahədə insanlar özlərini peşəkarlara etibar edirlər. Sığorta təklifini edən əməkdaş və ya sığorta nümayəndəsi satdığı məhsul, onun faydaları və s. barədə insanlara ətraflı, düzgün peşəkar və savadlı şəkildə məlumat təqdim etsə, bu, insanlarda sığortaya marağın və etibarın artmasına şərait yaradacaq.

 

  • Bu ilin sonuna qədər olan yeni layihələriniz haqqında məlumat verərdiniz zəhmət olmasa.

Qeyd etmək istəyirəm ki, “Atəşgah” Sığorta Şirkəti hal-hazırda fəaliyyətini 2019-2021-ci illər üçün tərtib etdiyi strateji planlaşdırmağa əsasən aparır. Həmçinin bu strateji planlaşdırmanın hədəflərimizə çatmaqla bağlı hər il illik hədəflərə çatılıb-çatılmaması təhlil olunur və ona uyğun müvafiq dəyişikliklər edilir, addımlar atılır.

Ümumiyyətlə ötən 3 il ərzində strateji planlamamızda bir sıra hədəflərimiz var idi. Pandemiya şəraitinin strateji planlamada olan hədəflərə çatmağa qarşı maneələr yaratmasına baxmayaraq, ümumilikdə “Atəşgah” Sığorta Şirkəti hədəflərinə çatdı və maliyə göstəriciləri strateji planlamaya uyğundur. Həmçinin, pandemiyanın yaratdığı şəraitlərdən yararlanmağa da çalışdıq. Belə ki, görüşlərin təxirə salınması və onlayn iş rejimi şəraitində biz  onlayn texnologiyalarımızın inkişaf etdirilməsinə, Şirkətin əməkdaşlarının onlayn təlimlər nəticəsində bilik və bacarıqlarını artırılmasına üstünlük verdik.

Bu ilin əsas hədəflərindən biri, bu il üçün nəzərdə tutulmuş həm maliyə göstəriciləri, həm əməkdaşlarımızın peşəkar biliklərini artırmaq üçün atılmalı olan bir sıra addımlardan ibarətdir. Həmçinin bizim 3 illik strategiya yekunlaşdığından, il sonu “Atəşgah” Sığorta Şirkətinin yeni 3 illik (2022-2024) strategiyasını müəyyənləşdirmək, hazırlamaq və əməkdaşları növbəti ilin əvvəlində yeni strategiya ilə tanış etmək olacaqdır. Təbii ki, ötən dövr ərzində, pandemiyanı kənara qoysaq, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad etdiyimiz torpaqlarda qısa müddət ərzində görülən abadlıq işləri bizi gələcəkdə daha böyük layihələrə imza atmağa sövq edir.

 

  • Sonuncu dəfə hansı sığorta dələduzluğu ilə qarşılaşmısınız?

Sığorta sahəsi elə sahədir ki, mütləq şəkildə dələduzları özünə cəlb edir. Amma bir çox insanların sığorta sahəsində kifayət qədər savadlı olmaması, qanunvericiliyin tələblərini bilməməsi, hüquqi biliklərin az olması onların atdığı addımların nəticələrini bilməmələrinə, xırda və orta sığorta dələduzluqlarını etməyə gətirib çıxarır.

Daha tez-tez rast gəlinən dələduzluqlardan insanların əvvəlcədən planlaşdırılmamış, qəsdən törədilməmiş sığorta hadisələrini misal gətirmək olar. Belə ki, hadisə nəticəsində vətəndaşlar belə fikirə gəlirlər ki, onlar sığorta şirkəti hesabına dəymiş zərəri ödəyə və ya dəymiş zərərin miqdarını artıraraq daha çox ödəniş ala bilərlər. Bu kimi sığorta hadisələri mütəmadi baş verir və düşünürəm ki, hər bir sığorta şirkətinin təcrübəsində belə hallar yaşanır. Sığorta şirkətlərinin müvafiq qurumları öz peşəkarlıq səviyyələrindən asılı olaraq, bu kimi dələduzluq hallarının qarşısını alırlar.

Təhlükəli sığorta dələduzluqları isə əvvəlcədən planlaşdırılmış və sığorta şirkətindən bilərəkdən ödəniş almaq məqsədilə, imitasiya yoluyla sığorta hadisəsinin müvafiq orqanlarla rəsmiləşdirilməsi və nəticədə ödənişin alınmasıdır. Sırf bu hadisələrlə bağlı qeyd edə bilərəm ki, 1 ay öncə regionlarımızdan birində bu sahə üzrə “ixtisaslaşmış” bir qrup tərəfindən sığorta hadisəsinin imitasiya olunması, daha sonra müvafiq dövlət qurumu nümayəndələrini bu işə cəlb etməklə həmin sığorta hadisəsinin sənədləşməsi nəticəsində sığorta şirkətindən ödənişin alınması ilə bağlı araşdırmamız oldu. Araşdırma nəticəsində Şirkətimizin müvafiq qurumu sözügedən regiona ezam olundu, həmin sığortalılar tərəfindən bir neçə il ərzində törədilən hadisələr təhlil olundu, xüsusi ekspertiza tərəfindən hadisələrin imitasiya olunma şübhələri aydınlaşdırıldı və bu sahədə xüsusi təhsilli ekspertlər tərəfindən həmin sığorta hadisələrinin imitasiya olunması təsdiqləndi. Dərhal həmin hadisələr barədə Respublika Prokurorluğuna müraciət olundu.

Güman edirik ki, hər bir sığorta şirkətinin bu sahədə atdığı addımlar insanların maariflənməsinə, bu kimi sığorta dələduzluqlarının azalmasına və müştərilərdə sığorta məsuliyyəti hissinin yaranmasına gətirib çıxaracaq.