940 Daxil ol

Sığortaçıya qazanc mənbəyi kimi baxanlar

25.05.2015

Sığorta şirkətləri sığorta ödənişlərini həyata keçirdikcə, Cəmiyyətdə özünə və sığorta bazarına rəğbət qazanmaqla yanaşı, bəzi dələduzluq və müftə qazanc əldə etmək istəyən kütlə arasında da “nüfuz”  qazanır. Bu tip insanlar sığortaçının bu əliaçıqlığından və sığorta ödənişi qanunvericiliyə uyğun şəkildə həyata keçirməsi halından sui-istifadə edərək pul qazanmaq və ya gəlir əldə etmək istəyirlər.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) daxil olan müraciətlərin bəzilərində bu tendensiyanın mövcud olduğunun şahidi oluruq. Daşınmaz əmlakını, yəni mağazasını iki ayrı sığorta şirkətində həm icbari, həm də könüllü qaydada sığortalamış bir vətəndaşın niyyəti həm DSNX-ya, həm də digər qurumlara etmiş olduğu müraciətlərində və rəhbər vəzifəli şəxslərin qəbulunda işlətdiyi ifadələrdə öz əksini tapır. Belə ki, sığortalanmış mağazaya baş vermiş yanğın hadisəsi nəticəsində zərər dəyir ki, hər iki sığorta şirkəti dəymiş zərəri qiymətləndirərək sığorta təminatına mütənasib olaraq sığorta ödənişini həyata keçirir. Vətəndaş həmin sığorta ödənişlərini təyinatı üzrə, yəni əmlakın təmirinə xərcləməyərək, yenidən könüllü sığorta müqaviləsi bağladığı sığortaçıya müraciət edir. Səbəb kimi əmlaka dəymiş zərərin düzgün qiymətlədirilməməsini göstərir. Amma reallıqda ödənilmiş sığorta ödənişi məbləği ilə həmin əmlakmı tam və əvvəlkindən daha yaxşı təmir etməyin mümkün olduğu aydındır. Vətəndaşın çoxsaylı müraciətlərini və sosial vəziyyətini nəzərə alaraq könüllü sığorta müqaviləsi bağlamış sığortaçı əlavə olaraq, sığorta ödənişi həyata keçirir. Sonuncu ödənişdən təxminən iki ay sonra həmin vətəndaşın dövlət orqanlarına müraciəti yenidən aktivləşir ki, “Mənim əmlakım yanıb və sığorta ödənişi almamışam. Əmlakımı təmir etdirməyimə kömək edin.” Bu mahiyyətli müraciət yenidən araşdırılarkən və vətəndaş tərəfimizdən qəbul olunarkən müəyyən olunur ki, ödənilmiş sığorta ödənişlərinin heç 10 faizi də təyinatı üzrə xərclənməyib və indi də sığorta şirkətlərini sığorta ödənişi verməməkdə günahlandıraraq, həmçinin hüquqlarını pozulmuş kimi göstərərək dövlətdən yardım şəklində kompensasiya almaq istəyir. Sığorta şirkətlərinə qazanc mənbəyi kimi baxan belə müftə qazanc əldə etmək istəyənlər sığorta bazarı haqqında mənfi rəy yaradırlar.

Dəymiş zərərə görə iki qat ödəniş almaq istəyənlər

DSNX-ya daxil olmuş müraciətlərin birində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti sığortalanmış avtomobil tərəfindən zərər vurulmuş şəxsə sığorta ödənişinin verilməməsi öz əksini tapmışdır ki, tərəfimizdən ətraflı araşdırma aparıldıqdan sonra sığorta şirkəti tərəfindən  qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina edildiyi müəyyən olunmuşdur. Belə ki, araşdırma nəticəsində məlum olur ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olan sürücü qarşı tərəfə vurduğu zərəri yerindəcə dərhal kompensasiya edərək zərərçəkmişlə razılığa gəldikdən sonra, zərərçəkən 9707 sms xidməti vasitəsilə zərərvuranın sığortaçısını öyrənib ona təkrar müraciət edir ki, dəymiş zərərə görə ikinci dəfə ödəniş alsın. Sığorta şirkəti tərəfindən zərərçəkənin dəymiş zərərə görə ikinci dəfə gəlir əldə etmək məqsədilə etdiyi tələbə rədd cavabı verildikdən sonra həmin şəxsin dövlət orqanlarına müraciətləri başlayır. Bu tip insanlar müraciətlərində hüquqları pozulmuş və sığorta şirkətləri tərəfindən haqsızlığa məruz qalmış kimi özlərini təqdim edirlər ki, bu da Cəmiyyətdə sığorta bazarı haqqında mənfi rəy yaradır. Halbu ki, müraciət araşdırıldıqdan sonra “NİYYƏT” ortaya çıxır.

“Sığorta” sözünün qiyməti artırma “SEHRİ”

Sığorta şirkətlərinin bazarı inkişaf etdirmək və sığortaya insanların etimadını artırmaq səylərindən öz xeyirləri naminə istifadə edənlər günbəgün artmaqda olduğunu baş vermiş sığorta hadisələri zamanı şişirdilmiş sığorta tələblərində aydın şəkildə görürük. Hadisə baş verəndə təbii ki, ağla ilk gələn məqam sığortanın olub olmamasıdır. Bəli sığorta var və dəymiş zərər sığortaçı tərəfindən qarşılanacaq. Sığorta müqaviləsinin olması bəzi müftə qazanc əldə etmək istəyən insanlarda dəymiş zərərin qarşılanacağəı fikrini yox, yeni qazanc mənbəyinin qapısının açıldığı fikrini alovlandırır. Bu kimi şəxslər ya təmir müəssisəsi ilə əlbir olaraq, ya qiymətləri süni şəkildə şişirdərək, ya da bazar qiymətlərindən çox baha şəkildə yazdıraraq sığorta tələbi irəli sürürlər. Sığorta hadisələrinin tənzimlənməsi sahəsində peşəkar fəaliyyətə sahib olan sığortaçılar təbii haldır ki, belə halların qarşısını alaraq baş vermiş sığorta hadisələrini real bazar qiymətləri əsasında təmzimləyirlər ki, bu hal da həmin şəxslərin mənafeyinə xidmət etmir və özlərinə haqq qazandırmaq üçün sığorta bazarını ləkələməklə müxtəlif orqanlara haqsız müraciətlər edirlər. Nəticə də isə xoş olmayan bəd niyyətlər ortaya çıxır. Faydalanan şəxslərdən savayı, sığortadan əlavə gəlir əldə etmək istəyi bəzi təmir müəssisələrində də mövcuddur. “Sığorta” sözünün qiymət artırma “sehri” burda ortaya çıxır ki, bu söz eşidilən zaman normal vətəndaş üçün hesablanan təmir qiymətləri sığorta müqaviləsi üzrə təmir olunacaq əmlak üçün ikiqat artır. Sığorta şirkətlərinin özlərini belə əlavə itkilərdən qoruması sığorta bazarına qarşı narazılıq hissi yaratsa da belə halların qanunvericiliyə uyğun olduğu hər kəsə məlumdur. Bir daha xatırlatmaq yerinə düşər ki, sığortanın məqsədi gəlir əldə etmək yox, zərər dəymiş əmlak mənafelərini bərpa etməkdir.    

Firdovsi Ağaşirinov

DSNX-nın Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi 

Fins.az